
ABŞ Fələstin tərəfdarı etirazlarda iştirak edən ən azı 300 tələbənin vizasını ləğv edib
ABŞ hakimiyyəti Amerika universitet şəhərciklərində Fələstin tərəfdarı etirazlarda iştirak edən 300-ə yaxın əcnəbi tələbənin vizasını ləğv edib. Bu tədbirlər Donald Trampın antisemitizmlə mübarizəyə dair sərəncamının bir hissəsi kimi həyata keçirilir.
BBC News xəbər verir ki, bunu dövlət katibi Marko Rubio deyib.
"Hazırda 300-dən çox ləğv edilmiş vizalar ola bilər. Biz bunu hər gün edirik, hər dəfə bu çılğın adamlardan birini tapanda onun vizasını ləğv edirəm", - Rubio Cənubi Amerika ölkəsi Qayanaya səfəri zamanı mətbuat konfransında deyib.
"Biz sənə viza verdik ki, gəlib oxuyasan, dərəcə ala biləsən. İctimai fəal olma və universitet şəhərciyimizi zibilliyə salma ", - Rubio əlavə etdi.
Daha sonra ABŞ dövlət katibi aydınlaşdırdı ki, ləğv edilən 300 vizanın əksəriyyəti tələbə vizalarıdır, lakin onların arasında ziyarətçi vizaları da var. Jurnalistlərin bütün viza sahiblərinin Fələstin tərəfdarı etirazlarla əlaqəsi olub-olmaması ilə bağlı sualına Rubio belə cavab verib: “Bəziləri heç bir etiraz aksiyası ilə bağlı deyil və sadəcə olaraq potensial cinayət fəaliyyəti ilə bağlıdır”.
ABŞ Prezidenti Donald Tramp 2025-ci il yanvarın sonlarında “Amerika şəhərciyində və küçələrində” antisemitizmlə mübarizə haqqında fərman imzalayıb, tələbə vizalarını ləğv etməklə və “Həmas tərəfdarlarını” deportasiya etməklə hədələyib. "Ölkədə yaşayan və cihada dəstək aksiyalarına qoşulan bütün əcnəbilərə xəbərdarlıq edirik: 2025-ci ildə sizi tapıb deportasiya edəcəyik. Mən həmçinin kollec şəhərciklərindəki bütün Həmas tərəfdarlarının tələbə vizalarını dərhal ləğv edəcəyəm", - Tramp sərəncamda bildirib.
Əziz Mustafa, Oxuməni.az