
G7 və Aİ Hindistan və Pakistanı dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırır
Hindistan ötən gecə Pakistana zərbələr endirib, İslamabad isə buna hərbi əməliyyatla cavab verib. Bununla bağlı G7 ölkələrinin və Avropa İttifaqının Xarici İşlər nazirliklərinin rəhbərləri təmkinli olmağa və gərginliyin dərhal azaldılmasına çağırıblar.
Bu barədə CNN xəbər verir.
Birgə bəyanatda eskalasiyanın regional təhlükəsizliyə təhdid yaratdığı bildirilir.
"Aprelin 22-də Pahalqamda törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyir və həm Hindistan, həm də Pakistanı maksimum təmkinli olmağa çağırır. Hərbi eskalasiyanın sonrakı inkişafı regional sabitliyə ciddi təhlükə yaradır. Biz hər iki tərəfdən mülki əhalinin təhlükəsizliyindən dərin narahatıq", - G7 və Aİ bildirib.
Onlar həmçinin Hindistan və Pakistanı dinc nəticəyə nail olmaq üçün birbaşa dialoqa çağırıblar.
"Biz gərginliyin dərhal azaldılmasına çağırırıq və hər iki ölkəni dinc nəticəyə nail olmaq üçün birbaşa dialoqa çağırırıq. Biz hadisələri yaxından izləməyə davam edir və sürətli və davamlı diplomatik həlli dəstəklədiyimizi bildiririk", - bəyanatda deyilir.
Qeyd edək ki, G7-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.
Əziz Mustafa. Oxuməni.az