
Azərbaycan milli maraqlarını sona kimi müdafiə edəcəyini bir daha Moskva qarşısında nümayiş etdirib
Sabah Moskvada II Dünya müharibəsində qələbənin 80 illiyi münasibəti ilə keçirilməsi nəzərdə tutulan hərbi paradın Putin tərəfindən Rusiyanın yenilməzliyi nümayişinə çevrilən şou xarakteri daşıyacağı gözlənilir. Paradda müxtəlif dövlətlərin yüksək səviyyəli rəsmilərinin, MDB-nin əksər dövlət başçılarının və bəzi beynəlxalq qurumların nümayəndələrinin iştirak edəcəyi bildirilir. Bununla belə parad ərəfəsində Putinin kefinə soğan doğrayan hadisələr də baş verməkdədir. Belə ki, paradın keçiriələcəyi Qırmızı meydanın təhlükəsizliyinə təminat verilməsi indidən şübhə altındadır. Bunu dron hücumları təhlükəsinə görə, Rusiya hava limanlarının bağlı olması da bir daha təsdiq edir. Buna paralel olaraq paradda iştirakı nəzərdə tutulan bəzi yüksək səviyyəli dövlət rəsmilərinin, o cümlədən Azərbaycan və Laos prezidentlərinin müxtəlif səbəblərdən Moskvaya gedə bilməyəcəyi məlum olub. Xüsusi ilə İlham Əliyevin paradda iştirak etməyəcəyi Rusiyada təəssüf hissi ilə qarşılanıb. Bunu məsələ ilə bağlı Rusiya diktatorunun köməkçisi Yuri Uşakovun açıqlaması da bir daha təsdiq edir.
Uşakov: "Əliyevin təəssüf ki, gəlməyəcəyi ilə bağlı xəbər aldıq. Onlar izah etdilər ki, o, Heydər Əliyevə həsr olunmuş daxili tədbirlərdə iştirak etməlidir",- deyib.
Əslində Moskvada İlham Əliyevin paradda iştirak etməsini cidd-cəhdlə istəyirdilər. Bu məqsədlə Putinin Rusiya patriarxı Kirillin Azərbaycana səfərə göndərməsi də təsdiq edir. Səfər çərçivəsində Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim emişdi. Olduqca səmimi şəraitdə baş tutan görüşdə Patriarx Prezident İlham Əliyevi paradda iştirak etmək üçün Moskvaya dəvət etmişdi. Patriarxın Bakıya səfərindən sonra Moskvada İlham Əliyevin paradda iştirak edəcəyi gözlənilsə də əksinə oldu.
Bu baxımdan Prezident İlham Əliyevin Moskvaya getməməsi müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. İlham Əliyevin Moskvaya getməməsi ilk növbədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak edəcəyi ilə izah edilir. Eyni zamanda qeyd edilir ki. Azərbaycan prezidentinin paradda iştirak etmək üçün Moskvaya getməməsi təyyarənin təhlükəsizliyinə Rusiya tərəfindən təminat verə bilməyəcəyi ilə əlaqədardır. Belə ki, prezident Zelenski bəyan edib ki, Rusiya dövlət rəsmilərinin uçduğu təyyarəni vuraraq bunda Ukraynanı günahladıracaq. Buna paralel olaraq parad zamanı iştirak edənlərin təhlükəsizliklərinin Rusiya tərəfindən təmin edilə bilməyəcəyi də şübhə doğurmur. Buna adı bir sübut kimi ötən ilin dekabr ayının 25-də Qroznıya uçan Azal-a məxsus təyyarənin vurulması və Aktau ətrafında qəzaya uğramasıdır. Rusiya isə bu günə kimi məsələ ilə bağlı Azərbaycanın haqlı tələbini qulaq ardına vurmasıdır. Digər tərəfindən bu günlərdə Rusiya tərəfindən Azərbaycana haker hücumlarının edilməsi ortaya çıxıb. Eyni zamanda bir neçə gün öncə millət vəkili Azər Badamovun Rusiyaya buraxılmaması da Bakıda rəsmi şəkildə narazılıqla qarşılanıb. Bütün bunların isə Moskvaya səfərdən imtina etməsinə gətirib çıxardığı ehtimal edilir.
Məsələyə münasibət bildirən politoloq, keşmiş xarici işlər naziri Tofiq Zülfüqarov hər hansı hadisəyə münasibətdə Rusiyanın ən gözlənilməz addım ata biləcəyini istisna etməyib. O, sosial şəbəkə hesabında yazıb:
"Buna görə də qayda dəyişməz olaraq qalır - Moskvanın düşməni olmaq təhlükəli, amma Moskvanın dostu olmaq ölümcül təhlükəlidir"...
Politoloq Asif Nərimanlı isə Prezident İlham Əliyevin paradda iştirak etmək üçün Moskvaya getməməsi ilə bağlı Axar.az-da yazıb: "Əliyevin Moskva paradında iştirak edib-etməməsi Azərbaycanın təyyarə böhranı ilə bağlı yanaşmasını ortaya qoyacaqdı. Əliyev imtina etməklə Azərbaycanın haqlı tələbindən geri addım atmadığını göstərdi".
Beləliklə prezident İlham Əliyev Moskvaya getməməklə göstərdi ki, Azərbaycan istənilən səviyyədə özünün maraqlarını sona kimi müdafiə edəcək və bu məsələdə heç kimə güzəştə getmək niyyətində deyil.
Əziz Mustafa, Oxuməni.az