
Bu gün Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail Bakıda danışıqlar aparacaqlar
Bu gün, mayın 8-də Azərbaycanın vasitəçiliyi ilə ölkənin paytaxtı Bakıda Türkiyə ilə İsrail arasında danışıqlar aparılacaq.
Bu barədə “Kan” xəbər xidməti məlumat yayıb. Onun sözlərinə görə, bu danışıqlar çərçivəsində İsrail iki əsas tələb irəli sürəcək:
1. Suriya ilə sərhəddə İsraili təhdid edə biləcək hərbi qüvvələrin olmamasını təmin etmək.
2. Suriya ərazisində İsrailə qarşı yönələ biləcək strateji silahların yerləşdirilməsinə mane olmaq.
İsrailin baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana səfəri nəzərdə tutulsa da, səfər təxirə salınıb. Netanyahunun ofisi bu addımı təhlükəsizlik sahəsindəki inkişaflar və Qəzzada quru əməliyyatının genişləndirilməsi ilə izah edib. Amma “Walla”nın mənbələrinə görə, əsl səbəb Türkiyənin Netanyahunun təyyarəsinin öz hava məkanına girməsinə icazə verməməsi olub.
Azərbaycan İsraillə geniş müdafiə əlaqələri saxlayır və Suriyadakı vəziyyətlə bağlı İsrail və Türkiyə arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış edir.
Almaz Həsənli