Kəşmir son 20 ilin ən güclü atəşinə məruz qalır, ABŞ təmkinli olmağa çağırır

Kəşmir son 20 ilin ən güclü atəşinə məruz qalır, ABŞ təmkinli olmağa çağırır

7 May 07:42
Bəyəndim (4) Bəyənmədim (0)

Kəşmirin Pakistan və Hindistanın nəzarətində olan əraziləri arasında Nəzarət Xətti boyunca atışma və minaatan hücumları baş verib və aramsız olaraq davam edir. Bu barədə The Guardian xəbər verir.

Hindistan və Pakistan hərbçiləri arasında döyüşlər fasiləsiz davam edir. Pakistanın nəzarətində olan Kəşmirin Neelum vadisindən olan Cavad Əhməd Paras Guardian-a bildirib ki, sərhədyanı atəşlər dayanmadan davam edir. Hər iki tərəfdən nəzarət-buraxılış məntəqələrinə minaatanlardan atəş açılır.
"Hindistanın hava hücumlarından sonra vadidə partlayış səsləri eşidilir. Hamı oyaqdır və çox narahatdır. Sabah nə olacağını bilmirik. Sığınacaqlar və bunkerlər tikmiş bəziləri artıq ora köçüblər. İyirmi ildən artıqdır ki, heç kim belə intensiv atəşə məruz qalmamışdı", - o deyib.

O əlavə edib ki, Hindistanın hava hücumlarından sonra sakinlər təşviş içindədir.

"Bu gecə yata bilmərik. Minomyotlardan atəş açılanda və hər kəs öz həyatından narahat olanda heç kim yata bilməz", - o əlavə edib.
Dövlət Departamentinin sözçüsü bildirib ki, onlar Nəzarət Xətti boyunca hücumlar barədə məlumatlardan xəbərdardırlar, lakin “hazırda heç bir qiymətləndirmə verə bilmirlər”.

"Vəziyyət inkişaf etməkdə davam edir və biz hadisələri diqqətlə izləyirik", - departament qeyd edib.

ABŞ dövlət katibi Marko Rubio Hindistan və Pakistan arasındakı vəziyyəti yaxından izlədiyini bildirib.

"Mən Hindistan və Pakistan arasındakı vəziyyəti diqqətlə izləyirəm. ABŞ prezidentinin bu gün əvvəllər söylədiyi sözləri təkrar edirəm: "Ümid edirəm ki, bu münaqişə tez bir zamanda həll olunacaq". Biz sülh yolu ilə həll üçün Hindistan və Pakistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcəyik”.

Aprelin sonunda bir qrup silahlı şəxs Kəşmirin Hindistanın nəzarətində olan hissəsində yerləşən Pahalqam şəhərində bir qrup turistə hücum edib.

Hücum nəticəsində 20-dən çox Hindistan və bir Nepal vətəndaşı həlak olub. Hücuma görə məsuliyyəti Kəşmir Müqaviməti qruplaşması öz üzərinə götürüb.

Hindistan hücumda Pakistanı günahlandırıb, lakin İslamabad teraktda əli olduğunu inkar edib və hücumda yerli sakinləri günahlandırıb. O vaxtdan bəri bir neçə həftədir ki, ölkələr arasında gərginlik artıb, hərbi əməliyyatlara açıq hazırlıq gedir.

Mayın 7-nə keçən gecə yerli vaxtla Yeni Dehlidə Hindistan Hərbi Hava Qüvvələri aprel terror hücumuna cavab olaraq Sindoor əməliyyatına başlayıb, Pakistan ərazisinə və Kəşmirin Pakistanın nəzarətində olan ərazilərinə raket zərbələri endirib. Hücum pakistanlılar arasında ölən və yaralananlarla nəticələnib.

Pakistan Hindistanın hücumuna sərt cavab vəd edir.

Əziz Mustafa, Oxuməni.az