
Rusiya partiyasının lideri Rusiya Federasiyasının regionlarındakı Azərbaycan diasporlarının fəaliyyətini araşdırmağa çağırıb
“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironov Rusiyanın baş prokuroru İqor Krasnova ölkənin regionlarında Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyəti ilə bağlı hərtərəfli araşdırma aparılması təklifi ilə rəsmi müraciət ünvanlayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyəti ilə bağlı hərtərəfli araşdırma aparmağınızı xahiş edirəm”, - partiya lideri yazıb.
Müraciətində Sergey Mironov hadisə ilə bağlı istintaqı şəxsi nəzarətə götürməyi və bir sıra iri ticarət obyektlərinin, o cümlədən Moskvanın “Sadovod” və “Fod City” bazarlarının fəaliyyətinin yoxlanılmasını xahiş edir.
Mironov diasporların fəaliyyətinin “dövlətin və onun vətəndaşlarının təhlükəsizliyini təhdid etdiyini” dəfələrlə bəyan edən “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının deputatlarının mövqeyinə istinad edir. Onların fikrincə, ikili vətəndaşlığı olan şəxslərin daxil olduğu cinayətkar qruplaşmalar xüsusi narahatlıq doğurur. Müraciətdə bu cür icmalardan “Rusiya Federasiyasının maraqlarına ziyan vurmaqla” istifadə riski vurğulanır.
Almaz Həsənli