Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti

16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclis dekabrın 30-da keçirilmiş plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib.

Oxuməni.az müraciəti təqdim edir:

“Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Azərbaycan xalqının övladlarını vahid amallar naminə birləşməyə səsləyən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 34 il öncə başlanmış mənəvi bütövləşmə prosesi xalqımızın milli mənlik şüuruna və tarixi köklərə bağlılığından güc almışdır. Ulu Öndər milli birlik ideologiyasının möhkəm əsaslarını yaratmış, azərbaycanlıların həmrəyliyinə strateji əhəmiyyət vermiş və Azərbaycançılıq məfkurəsini dövlət siyasətinin önəmli bir amilinə çevirmişdir.

Ötən 22 ildə həmin kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilmişdir. Dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsinə, diaspor təşkilatlarının imkanlarının genişləndirilməsinə və beynəlxalq aləmdə rolunun artırılmasına, harada yaşamasından asılı olmayaraq, soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına dinc qayıdışına dəstək verilməsi xalqımızın birlik və həmrəyliyinin güclənməsinə xidmət edir.

Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmiş İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycan Respublikasının güclü bir dövlət olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirmişdir.

Zəngin mədəniyyətin və tükənməz yaradıcılıq enerjisinin daşıyıcısı olan Azərbaycan xalqı bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermişdir. Şərqin bir sıra qüdrətli dövlətləri xalqımızın istedad və zəkasının gücü ilə qurulmuşdur.

Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız və həmvətənimiz bilir ki, ona arxa duran, şərəf və ləyaqətini qorumağa hazır olan milli dövləti vardır. Odur ki, dünyanın müxtəlif qitələrində məskən salmış soydaşlarımız tarixi Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilməsi, geniş bir bölgədə söz sahibi olması ilə fəxr edirlər.

Onlar yaşadıqları ölkələrdə fəal vətəndaş mövqeyi tutaraq Azərbaycanın milli maraqlarını dəstəkləyirlər. Soydaşlarımızın və həmvətənlərimizin fəaliyyəti Azərbaycan haqqında obyektiv təsəvvürün formalaşmasına, onun nüfuzunun yüksəlməsinə və xarici dövlətlər ilə humanitar, mədəni və ictimai əlaqələrinin genişlənməsinə kömək göstərir.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Ötən dövrdə əldə edilmiş uğurlar Azərbaycan dövlətinin və cəmiyyətinin müasir çağırışlara lazımınca cavab verməyə və davamlı olaraq irəliyə getməyə qadir olduğunu göstərir. Eyni zamanda, müasir inkişaf mərhələsi daha genişmiqyaslı vəzifələrin yerinə yetirilməsi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanın bütün potensialının üzə çıxarılaraq dünyaya daha yaxından tanıdılması, xalqımızın qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın və həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi milli amallarımızın gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!”.

Oxuməni.az