Banqladeşin sabiq baş naziri Xaleda Ziya vəfat edib

Banqladeşin sabiq baş naziri Xaleda Ziya vəfat edib

15:11
Bəyəndim (2) Bəyənmədim (0)


Banqladeşin sabiq baş naziri və ölkənin Milli Partiyasının (BNP) sədri 80 yaşında vəfat edib.
Partiyanın Facebook səhifəsində yerləşdirilən bəyanatda deyilir: "BNP-nin sədri və sabiq baş nazir Bəyəm Xaleda Ziya bu gün səhər namazından dərhal sonra, saat 6-da dünyasını dəyişib."
Dekabrın 2-də BNP-nin sədr müavini Əhməd Əzəm Xan bildirib ki, Xaleda Ziya Dəkkədəki xəstəxanalardan birinin reanimasiya şöbəsində qaraciyər, böyrək və ürəklə bağlı uzunmüddətli fəsadlar səbəbindən intensiv müalicə alır. O, onun "kritik vəziyyətdə" olduğunu qeyd edib.
Xaleda Ziya 1991-ci ildə Banqladeş hökumətinə rəhbərlik edərək bu vəzifədə ilk qadın olub. 1996-cı ildə müxalifətin etirazları səbəbindən istefaya getməyə məcbur olub, lakin 2001-ci ildə yenidən baş nazir olub və 2006-cı ilə qədər bu yüksək dövlət vəzifəsində qalıb. 2007-ci ilin sentyabrında Xaleda Ziya korrupsiya ittihamı ilə həbs olunub və həbs cəzasına məhkum edilib, bir il sonra girovla azadlığa buraxılıb. Sonradan sabiq baş nazirə qarşı onlarla iş qaldırılıb.
2018-ci ildə o, korrupsiya ittihamı ilə uzun müddətə həbs cəzasına məhkum edilib və həbsdə olub. 2024-cü ilin avqustunda Xaleda Ziya, nəticədə Banqladeşin baş naziri Şeyx Həsinənin istefasına səbəb olan hökumət əleyhinə etirazlardan sonra azadlığa buraxılıb.
2005-ci ildə "Forbes" jurnalı Xaleda Ziyanı dünyanın ən nüfuzlu qadınlarından biri adlandırıb.
Almaz Həsənli