Alimlər ölən hüceyrələri "diriltməyin" yolunu tapıblar

Alimlər ölən hüceyrələri "diriltməyin" yolunu tapıblar

12:29
Bəyəndim (1) Bəyənmədim (0)

İsveçrənin Bazel Universitetinin alimləri müəyyən ediblər ki, zədələnmiş hüceyrələrə sağlam "enerji stansiyaları" - mitoxondrilərin köçürülməsi onların sağ qalma qabiliyyətini artıra və enerji mübadiləsini bərpa edə bilər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.

Mitoxondrilərin əsas funksiyası əksər hüceyrə prosesləri üçün yanacaq olan ATF-nin istehsalıdır. Mitoxondrilərin düzgün işləməməsi və ya zədələnməsi hüceyrə ölüm proseslərində, həm proqramlaşdırılmış (apoptoz), həm də nəzarətsiz (nekroz) ölümdə mühüm rol oynayır.

Hüceyrə kulturaları, insan toxumaları və siçan modelləri üzərində aparılan təcrübələrdə tədqiqatçılar xüsusi "yönləndirilmiş" mitoxondrilərin orqanizmdə təsadüfi yayılmadan, lazımi hüceyrələrə, o cümlədən neyronlara və gözün retina hüceyrələrinə seçici daxil ola bildiyini göstəriblər.

Əsas nailiyyət molekulyar ünvanlama sistemi olub: onun köməyi ilə alimlər mitoxondrilərin hədəf hüceyrələrə çatdırılmasının səmərəliliyini təxminən 90%-ə qədər artıra biliblər, halbuki bu göstərici istiqamətləndirmə olmadan xeyli aşağı olub. Daxil olduqdan sonra mitoxondrilər funksionallığını qoruyub saxlayır və enerji istehsalında iştirak etməyə başlayırdılar.

İrsi görmə pozğunluğu olan xəstələrin hüceyrələri üzərində aparılan təcrübələrdə belə bir çatdırılma hüceyrələrin enerji fəaliyyətini artırıb və stress təsirləri zamanı onların sağ qalma qabiliyyətini təxminən dörddə bir nisbətində artırıb. İnsan gözünün toxumalarında da oxşar nəticələr əldə edilib, burada zədələnmiş neyronların işində yaxşılaşma müşahidə edildi.

Siçanlar üzərində aparılan təcrübələrdə, görmə sinirinin zədələnməsindən sonra mitoxondrilərin köçürülməsi, nəzarət qrupu ilə müqayisədə, sağ qalan sinir hüceyrələrinin sayını artırıb və retinanın işığa həssas strukturlarının daha yaxşı qorunmasına səbəb olub.

Müəlliflərin sözlərinə görə, bu üsul neyrodegenerativ və oftalmoloji patologiyaların gələcək terapiyasının əsasını təşkil edə bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, hələlik bu, preklinik təcrübələrdir və insanlar üçün tətbiqi üçün təhlükəsizlik və səmərəlilik üzrə əlavə sınaqlar tələb olunur.

Almaz Həsənli