Alimlər hipertoniyanın inkişafından qoruya biləcək meyvənin adını açıqlayıblar

Alimlər hipertoniyanın inkişafından qoruya biləcək meyvənin adını açıqlayıblar

13:37
Bəyəndim (1) Bəyənmədim (0)

Hipertoniya uzun illər ərzində qan damarlarını zədələyə və infarkt və ya insult riskini artıra bilər. Alimlər Asiyada əsrlərdir tanınan bir vasitənin təsirini araşdırıblar. Tədqiqatın nəticələri gözlənilməz olub – heyvanlarda hipertoniya inkişaf etməyib. Oxuməni. az xəbər verir ki, bu barədə rynekzdrowia.pl yazır.

Müasir müalicə üsullarına və təzyiqsalıcı dərmanların istifadəsinə baxmayaraq, arterial hipertoniya hələ də ürək-damar sistemi ilə bağlı problemlərin əsas səbəblərindən biri olaraq qalır. Bu xəstəlik getdikcə daha çox insanda müşahidə olunur və insult, infarkt və ya ürək çatışmazlığı kimi təhlükəli fəsadlara səbəb ola bilər.

Temple Universitetinin Lyuis Kats adına Tibb Məktəbinin alimləri araşdırma apararaq müəyyən ediblər ki, yapon gavalısının şirəsindən hazırlanmış konsentratın müntəzəm istifadəsi ürək-damar xəstəlikləri riskini azalda bilər.

Amerika Kardiologiya Akademiyasının üzvü, tibb elmləri doktoru Satoru Equti bildirib: “Məlum olub ki, arterial hipertoniyadan əziyyət çəkən pasiyentlərdə ürək-damar xəstəlikləri riskini azaltmaq üçün yalnız dərmanlar kifayət etmir. Bu problemi həll etməyə kömək etmək üçün ürək-damar xəstəlikləri riskini potensial olaraq azalda biləcək qida əlavəsi ilə maraqlandıq və yapon gavalısının şirə konsentratının təsirini araşdırmağa başladıq”.

Alimlər təcrübəni siçanlar üzərində aparıblar. Gəmiricilərin bir qrupuna konsentrat əlavə edilmiş su, digər qrupuna isə yalnız su verilib. Nəticələr gözlənilməz olub.

“Yapon gavalısı ekstraktı verilən siçanlarda hipertoniya inkişaf etməyib. Toxumaların tədqiqi göstərib ki, şirə qan damarlarını arterial təzyiqə təsir edən hormon – angiotenzin II-nin mənfi təsirindən qoruyub”, – materialda qeyd olunur.

Equti izah edib: “Arterial hipertoniya zamanı hüceyrələr aerob metabolizmdən qlikolizə keçir, çünki hüceyrə mühitində oksigenin miqdarı azalır. Bu keçid oksidləşdirici stressin səviyyəsinin yüksəlməsinə səbəb olur. Nəticədə iltihab güclənir, qan damarları sərtləşir və son nəticədə daha ağır ürək-damar xəstəlikləri inkişaf edir”.

Almaz Həsənli