Alimlər Yer üzündə həyatın yaranmasının mümkün mexanizmini açıqlayıblar

Alimlər Yer üzündə həyatın yaranmasının mümkün mexanizmini açıqlayıblar

11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Buffalo Universitetinin alimləri müəyyən ediblər ki, ilk hüceyrələr yaranmazdan əvvəl RNT ayrı-ayrı “damcılar” şəklində cəmləşə bilərdi. Bu isə həyatın yaranması prosesinin mərhələlərindən biri ola bilərdi. Təcrübələr zamanı RNT-nin DNT-dən təxminən 10°C aşağı temperaturda belə strukturlar yaratdığı müşahidə olunub. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc edilib.

İlk hüceyrələr yaranmazdan əvvəl molekulları bir yerdə saxlayan örtük mövcud deyildi. Alimlərin sözlərinə görə, bu, həyatın mənşəyi ilə bağlı əsas suallardan birini ortaya çıxarır: kövrək molekullar kimyəvi reaksiyalara girə biləcək qədər yüksək konsentrasiyada necə toplana bilərdi?

Təcrübələr göstərib ki, RNT duzlu suda öz-özünə yüksək konsentrasiyalı damcılar əmələ gətirməklə bu problemi həll edə bilər. Tədqiqatçılar ardıcıllığı eyni olan RNT və birzəncirli DNT molekullarını müqayisə edərək gözlənilməz fərq aşkar ediblər: RNT DNT-dən təxminən 10°C aşağı temperaturda damcılar əmələ gətirməyə başlayıb. Təcrübələrdən birində bu fərq 15°C-yə çatıb.

Tədqiqatçıların izahına görə, bunun səbəbi kiçik bir kimyəvi fərqlə bağlıdır. RNT və DNT-nin şəkər quruluşları bir oksigen atomuna malik əlavə qrupla fərqlənir. Bu xüsusiyyət RNT-yə maqnezium ionları və su molekulları ilə fərqli şəkildə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Nəticədə RNT zəncirləri bir-birinə daha asan yaxınlaşır və damcılar şəklində birləşirlər.

Müəyyən şəraitdə bu damcıların bəziləri gelə çevrilib. Molekulların daxilində sıx şəbəkə yaranıb və onlar sərbəst hərəkət edə bilməyiblər. Adi maye damcılardan fərqli olaraq, bu vəziyyət soyuduqdan sonra da həmişə yox olmayıb. Alimlərin fikrincə, belə struktur RNT-ni əlverişsiz mühitdən əlavə qorumaq imkanına malik ola bilərdi.

Nəticələr “RNT dünyası” hipotezi ilə uyğun gəlir. Bu hipotezə əsasən, təkamülün ilkin mərhələlərində RNT həm genetik məlumatı saxlaya, həm də kimyəvi reaksiyalarda iştirak edə bilərdi.

Tədqiqat hələlik belə damcıların həqiqətən də gənc Yer kürəsində mövcud olduğunu sübut etmir. Bununla belə, alimlər onların yalnız RNT-ni qoruyub-qorumadığını, həm də daxilində biokimyəvi reaksiyaları başlada bilib-bilmədiyini araşdırmaq istəyirlər. Gələcəkdə bu araşdırmalar ayrı-ayrı molekullardan ilk hüceyrəyəbənzər strukturların necə yarandığını, yəni membranların meydana çıxmasından əvvəl bu prosesin necə baş verdiyini anlamağa kömək edə bilər.

Almaz Həsənli