Çin alimləri qida borusu xərçənginin skrininqi üçün süni intellekt modeli yaradıblar
Çinli tədqiqatçılar qida borusu xərçənginin aşkarlanması üçün Damo Eagle adlı süni intellekt modeli hazırlayıblar. Bu barədə “Alibaba” texnologiya korporasiyası məlumat yayıb. Oxuməni. az xəbər verir ki, tədqiqatın nəticələri beynəlxalq tibbi jurnal olan “Nature Medicine”də dərc olunub.
Layihə üzərində “Alibaba”nın elmi-tədqiqat bölməsi olan “Damo” Akademiyasının, Siçuan əyalətinin Onkoloji Xəstəxanasının və Sun Yat-sen Universitetinin Onkologiya Mərkəzinin mütəxəssisləri çalışıblar.
Model intubasiya və ya kontrast maddənin yeridilməsini tələb etmir. Qida borusu xərçənginin, o cümlədən erkən mərhələlərin və xərçəngönü dəyişikliklərin inkişaf riskini qiymətləndirmək üçün döş qəfəsinin adi kompüter tomoqrafiyası kifayətdir.
Sistemin qida borusu xərçənginin diaqnostikasında həssaslığı 90 faizə, zəif ifadə olunan əlamətlərlə müşayiət olunan xərçəngönü zədələnmələrin aşkarlanmasında isə 52,5 faizə çatır. Sağlam pasiyentləri düzgün müəyyən etmək qabiliyyətini göstərən spesifiklik göstəricisi 99,2 faiz təşkil edir.
Hazırlanmış model üç ölkədə 80 mindən çox hal üzərində sınaqdan keçirilib.
Çin Milli Onkologiya Mərkəzinin məlumatına görə, ölkədə hər il qida borusu xərçənginin təxminən 220 min yeni halı aşkarlanır və bunların 190 mini ölümlə nəticələnir.
Almaz Həsənli































































































