Alimlər müəyyən edib: Populyar vitamin xərçəng zamanı sağ qalma ehtimalını artırır
Kopenhagen Universitet Xəstəxanası "Rigshospitalet"-in alimləri tərəfindən aparılan klinik araşdırma nəticəsində məlum olub ki, C vitamininin qəbulu qanın bəzi xərçəngönü xəstəlikləri və erkən mərhələdə olan qan xərçəngi xəstələrində sağ qalma ehtimalının artması ilə əlaqəlidir. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "Cancer" jurnalında dərc olunub.
EVITA adlı tədqiqatda Danimarka və ABŞ-dan olan 109 pasiyent iştirak edib. Bir il ərzində 55 nəfər gündəlik 1000 milliqram C vitamini qəbul edib, digər 54 nəfərə isə plasebo verilib.
Tədqiqatın əsas göstəricisi olan xərçəngönü və ya xərçəng hüceyrələrinin artım sürəti qruplar arasında əhəmiyyətli dərəcədə fərqlənməyib. Lakin C vitamini qəbul edən pasiyentlərdə iltihab proseslərində daha müsbət nəticələrlə əlaqəli dəyişikliklər müşahidə olunub. Bu qrupda anemiya, pnevmoniya, kəskin aseptik artrit və daxili qanaxma hallarına daha az rast gəlinib. Bununla belə, mədə-bağırsaq pozğunluqları daha tez-tez qeydə alınıb.
C vitamini qeyri-müəyyən əhəmiyyətli klonal sitopeniya (CCUS), aşağı riskli mielodisplastik sindromlar (MDS) və 0-1 tipli xroniki mielomonositar leykoz (CMML) zamanı ölüm hallarının azalması ilə əlaqələndirilib.
Orta hesabla üç il davam edən müşahidə dövründə 35 iştirakçı vəfat edib. Plasebo qrupunda 24, C vitamini qəbul edən qrupda isə 11 ölüm halı qeydə alınıb. Əlavə təhlillər vitamin qəbul edən qrupda statistik olaraq sağ qalma ehtimalının daha yüksək olduğunu göstərib.
Buna baxmayaraq, tədqiqat C vitamininin xərçəngin inkişafını birbaşa ləngitdiyini və ya ölümün qarşısını aldığını sübut etmir. Alimlər qeyd edirlər ki, əldə edilən nəticələr hələlik qan xərçənginin müalicəsi və ya profilaktikası üçün C vitamininin istifadəsinə dair tövsiyələr vermək üçün kifayət deyil. Effektin daha genişmiqyaslı III faza tədqiqatında yoxlanılması planlaşdırılır.
Almaz Həsənli
































































































