Alimlər isti içkilərin qida borusu xərçəngi riskini artırdığını təsdiqləyiblər

Alimlər isti içkilərin qida borusu xərçəngi riskini artırdığını təsdiqləyiblər

16:11
Bəyəndim (1) Bəyənmədim (0)

Çox isti içkilərin istehlakı daha ilıq içkilərlə müqayisədə qida borusunun yastıhüceyrəli xərçənginin inkişaf riskini üç dəfəyə qədər artıra bilər. Bu qənaətə Oksford Universitetinin alimləri Böyük Britaniyada yaşayan təxminən 980 min nəfərin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri barədə The Guardian məlumat yayıb.

İştirakçılar 14 il ərzində müşahidə olunub və onların çay və qəhvəni hansı temperaturda içməyə üstünlük verdikləri qeydə alınıb. “Çox isti” içkilərə üstünlük verən şəxslərdə qida borusunun yastıhüceyrəli xərçəngi riski çay və qəhvəni ilıq içənlərlə müqayisədə təxminən üç dəfə yüksək olub. Bununla belə, tədqiqatçılar içkilərin temperaturu ilə qida borusunun digər geniş yayılmış şiş növü olan adenokarsinoma arasında əlaqə aşkar etməyiblər.

“Riskə yalnız temperatur deyil, həm də istehlak tezliyi təsir göstərib. Temperatur nəzərə alındıqdan sonra gündə altı və ya daha çox isti içkinin qəbul edilməsi gündə altıdan az içki qəbul edənlərlə müqayisədə yastıhüceyrəli xərçəng riskinin 71 faiz artması ilə əlaqələndirilib”, – alimlər bildiriblər.

Tədqiqatçılar hesab edirlər ki, yüksək temperaturun müntəzəm təsiri qida borusunun selikli qişasındakı hüceyrələrə zərər verə bilər. Daha əvvəl Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi də çox isti içkilərin bu növ xərçəngin ehtimal olunan səbəblərindən biri olduğunu bildirmişdi. Oxşar nəticələrə əvvəllər Asiya, Afrika, Cənubi Amerika və Yaxın Şərqdə aparılan tədqiqatlarda da rast gəlinib.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, tədqiqat iştirakçıları içkilərin dəqiq temperaturunu ölçməyiblər – onlar içkiləri özləri “çox isti”, “isti” və ya “ılıq” kimi qiymətləndiriblər. Buna görə də nəticələr dəqiq təhlükəsiz temperatur həddini müəyyən etməyə imkan vermir.

Müəlliflər qeyd edirlər ki, istehlak edilən içkilərin temperaturunun aşağı salınması qida borusu xərçənginin qarşısının alınması üsullarından biri ola bilər. Bununla belə, siqaret çəkmək və spirtli içki qəbul etmək bu xəstəliyin əsas risk faktorları olaraq qalır.

Almaz Həsənli