Alimlər xərçəngin müdafiəsini aradan qaldıraraq şişlərin yox olmasına nail olublar
Dana-Farber Onkologiya İnstitutunun alimləri bəzi şişlərin immun sistemi üçün görünməz olmasına və müalicəyə müqavimət göstərməsinə imkan verən mexanizm aşkar ediblər. Heyvanlar üzərində aparılan təcrübələrdə tədqiqatçılar CDK2 zülalının fəaliyyətini bloklayaraq immunoterapiyanın effektivliyini artırıblar. Təcrübədə iştirak edən heyvanların bir hissəsində şişlər tamamilə yox olub.
Oxuməni. az xəbər verir ki, tədqiqat Molecular Cell (MC) elmi jurnalında dərc olunub.
CDK2 hüceyrələrin bölünməsində mühüm rol oynayır. Onu siklin E kimi tanınan başqa bir zülal aktivləşdirir. Əvvəllər bu əlaqə əsasən xərçəng hüceyrələrinin çoxalmasını təmin edən mexanizmlərdən biri kimi nəzərdən keçirilirdi. Lakin yeni araşdırma göstərib ki, onun təsiri daha geniş ola bilər.
Tədqiqatın müəllifləri şiş hüceyrələrində CDK2-nin fəaliyyətini dayandırıb və immun reaksiyasını idarə edən genlərin aktivliyindəki dəyişiklikləri qeydə alıblar. Məlum olub ki, siklin E və CDK2-nin həddindən artıq aktivliyi xərçəngin tanınması üçün zəruri olan prosesləri zəiflədir. Xüsusilə, şiş hüceyrələri öz antigenlərini immun sisteminə daha zəif təqdim edir və bununla da immun hücumundan yayınmaq imkanı qazanırlar.
Bu səbəbdən immun hüceyrələrinin üzərindəki məhdudiyyətləri aradan qaldıraraq onları şişə qarşı yönəltməli olan immun nəzarət nöqtələrinin inhibitorları bəzi hallarda kifayət qədər effektiv olmur. Pasiyentlərin məlumatlarının təhlili də siklin E və CDK2-nin yüksək aktivliyi ilə bu cür müalicəyə zəif cavab arasında əlaqə olduğunu göstərib.
Tədqiqatçılar bağırsaq və süd vəzi xərçənginin modelləri olan heyvanlar üzərində kombinə edilmiş müalicə üsulunu sınaqdan keçiriblər. CDK2 blokatoru immun nəzarət nöqtələrinin inhibitoru ilə birlikdə tətbiq olunub. İki metodun kombinasiyası ayrı-ayrılıqda istifadə edilən müalicələrlə müqayisədə heyvanların ömrünü əhəmiyyətli dərəcədə uzadıb.
Alimlər ilkin olaraq immunoterapiyaya cavab verməyən üçqat mənfi süd vəzi xərçəngi modelinə xüsusi diqqət yetiriblər. CDK2 blokatoru əlavə edildikdən sonra müalicə təsir göstərməyə başlayıb. Kombinə edilmiş terapiyaya cavab verən heyvanlarda şişlər tamamilə yox olub.
Alimlər nəticənin iki mümkün izahını müəyyən ediblər. CDK2-nin fəaliyyətinin zəiflədilməsi nəinki xərçəng hüceyrələrini immun sistemi üçün daha görünən edib, həm də dendritik hüceyrələrə təsir göstərib. Şişlərin daxilində bu hüceyrələrin sayı artıb, onların şiş antigenlərini tutmaq və məlumatı T-hüceyrələrinə ötürmək qabiliyyəti güclənib. Bundan sonra immun hüceyrələri xərçəngi daha effektiv şəkildə aşkarlaya və məhv edə bilib.
Genetik məlumatların təhlili göstərib ki, oxşar mexanizm ağciyər, qaraciyər, bağırsaq, sidik kisəsi, yumurtalıq və prostat vəzisi şişləri, həmçinin melanoma və limfoma daxil olmaqla bir sıra onkoloji xəstəliklər zamanı da fəaliyyət göstərə bilər.
Bununla belə, müəlliflər vurğulayırlar ki, nəticələr heyvanlar üzərində əldə edilib və hələlik bu kombinasiyanın insanlar üçün effektivliyini və təhlükəsizliyini sübut etmir. Növbəti mərhələ klinik sınaqlar olmalıdır.
Almaz Həsənli








.jpg)
.jpg)
.jpg)




















































































