Orqanizmə iltihabla daha effektiv mübarizə aparmağa kömək edən sadə üsul açıqlanıb

Orqanizmə iltihabla daha effektiv mübarizə aparmağa kömək edən sadə üsul açıqlanıb

13:11
Bəyəndim (1) Bəyənmədim (0)

Alimlər müəyyən ediblər ki, diqqəti bədəndəki hisslərə yönəltmək orqanizmə iltihabı daha effektiv tənzimləməyə kömək edir. İnsan qıcıqlanmış nahiyəyə diqqət yetirdikdə, iltihabi reaksiya diqqətin yayındırıldığı vəziyyətlə müqayisədə təxminən 1,5 dəfə daha zəif olub. Oxuməni. az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Human Behaviour” jurnalında dərc edilib.

İki təcrübədə sağlam könüllülər iştirak edib: birincidə 37, ikincidə isə 20 nəfər. İltihab standart dəri testi vasitəsilə histamin tətbiq etməklə yaradılıb. Daha sonra 20 dəqiqə ərzində yaranan qabarcığın və ətrafındakı qızartının ölçüsü izlənilib. İştirakçıların iki vəziyyəti müqayisə olunub: hissə diqqət yetirdikləri və diqqətlərinin başqa bir tapşırığa yönəldildiyi hallar.

Məlum olub ki, iştirakçıların təxminən 90 faizində reaksiya məhz diqqət yayındırıldıqda daha güclü olub: diqqət hissə yönəldildikdə qabarcığın orta ölçüsü 3,5 mm, diqqət yayındırıldıqda isə 5 mm təşkil edib. Bundan əlavə, diqqətini bədən hisslərinə yönəldən iştirakçılarda qabarcıqların böyüməsi daha tez dayanıb və geriləmə başlayıb. 20 dəqiqədən sonra bu qrupun təxminən 90 faizində reaksiya sabit qalıb və ya azalıb. Diqqəti yayındırılan qrupda isə bu göstərici 46 faiz olub.

Dəri lidokainlə keyləşdirildikdə diqqətin faydalı təsiri azalıb, lakin tamamilə yox olmayıb. Bu isə prosesdə yalnız bir mexanizmin deyil, bir neçə mexanizmin iştirak etdiyini göstərir. Müəlliflər həmin mexanizmlərdən biri kimi azan sinirin fəaliyyətini göstərirlər. Daxili hisslərə diqqət yetirildikdə insanlarda ürək döyüntülərinin dəyişkənliyi artıb. Bu göstərici iltihabın tənzimlənməsində iştirak edən azan sinirin fəaliyyəti ilə əlaqələndirilir.

Almaz Həsənli