Pentaqonun keçmiş rəhbəri ABŞ-İran münaqişəsinin daha altı ay davam edə biləcəyini istisna etməyib

Pentaqonun keçmiş rəhbəri ABŞ-İran münaqişəsinin daha altı ay davam edə biləcəyini istisna etməyib

10:13
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və İran arasındakı silahlı qarşıdurma daha altı ay davam edə bilər. Oxuməni. az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş rəhbəri (2011-2013) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru (2009-2011) Leon Panetta Britaniyanın "The Guardian" nəşrinə müsahibəsində bildirib.

"Düşünürəm ki, bu müharibənin daha altı ay davam etməsi və həll olunmaması ehtimalı var. ABŞ və İranın dəhşətli bir dalana dirəndiyi heç kimə sirr deyil. Bu müharibəyə son qoymaq üçün çox az yol var", - deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının "Yaxın Şərqdə əbədi müharibəyə" cəlb olunması ilə bağlı ciddi risklər mövcuddur. Panetta hesab edir ki, Vaşinqton növbəti dəfə İraq və Əfqanıstanda aparılanlara bənzər "uğursuz bir müharibə"yə başlayıb. Pentaqonun keçmiş rəhbəri əmindir ki, rəqiblər öz ölkəsinin təhlükəsizliyini təmin edə bilməyən ABŞ-ın hazırkı rəhbərliyinin "zəifliyini görürlər".

Panetta hesab edir ki, Tramp "özünü dalana dirəyib" və onun fikrincə, buradan çıxışın üç yolu var. Birincisi - müharibənin uğursuz olduğunu etiraf edib qoşunları çıxarmaqdır, lakin o, bu variantı demək olar ki, qeyri-real hesab edir. İkincisi - eskalasiyaya yol vermədən yalnız hava zərbələri ilə kifayətlənməkdir, lakin bu, uzun sürən münaqişə ilə nəticələnə bilər. Üçüncüsü - Tehranı əsas kozırından məhrum etmək üçün Hörmüz boğazına nəzarəti ələ keçirməkdir.

Almaz Həsənli