Ukraynada sülh üçün Londonda beş şərt müəyyən edildi

Ukraynada sülh üçün Londonda beş şərt müəyyən edildi

11:02
Bəyəndim (1) Bəyənmədim (0)


Londonda Ukrayna Prezidenti Volodimir Zelenski, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə birlikdə "ədalətli və davamlı sülhə" nail olmaq üçün beş şərt üzərində razılığa gəlib. Bu barədə Oxuməni.az Ukrayna Prezidenti Aparatının məlumatına istinadla xəbər verir.
Verilən məlumata görə, iyunun 7-də Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Federal Kansleri Fridrix Merz ilə E3 – Ukrayna formatında görüş keçirib.
Liderlər müharibəyə son qoymaq və sülhə nail olmaq üçün diplomatik işləri müzakirə ediblər.
"Ümumi mövqe belədir: danışıqlarda yaranan fasilədən sonra diplomatik səyləri aktivləşdirmək lazımdır", - deyə məlumatda bildirilir.
Tərəflər birgə bəyanatda “Ukraynanın sadiq müttəfiqi kimi Avropanın istənilən nizamlamada mühüm rol oynamalı olduğunu” vurğulayıblar.
Zelenski vurğulayıb ki, Avropa danışıqlar masasında olmalıdır.
Tərəflər Avropanın hansı formatda təmsil oluna biləcəyi və Böyük Britaniya, Fransa və Almaniyanın hansı rolu oynaya biləcəyi barədə danışıblar.
Böyük Britaniya hökumətinin saytında qeyd olunur ki, "Avropa üçlüyü" liderləri və Zelenski ədalətli və davamlı sülhə nail olmaq üçün beş şərt müəyyən ediblər.

  • Birinci şərt döyüş əməliyyatlarının dayandırılmasıdır.
  • İkinci: mövcud təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır. "Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukraynanın öz təhlükəsizliyini təmin etmək mexanizmlərini müstəqil müəyyənləşdirmək və ittifaqlar seçmək hüququ qətiyyətlə pozulmamalıdır", - deyə birgə bəyanatda bildirilir.
  • Üçüncü şərt ondan ibarətdir ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra Ukrayna hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanətləri almalıdır ki, bu da Ukraynada çoхmillətli qüvvələrin yerləşdirilməsini əhatə edir.
  • Dördüncü, Rusiya aktivləri Rusiya təcavüzkar müharibəni dayandırıb döyüş əməliyyatları zamanı vurulmuş zərəri ödəməyənə qədər dondurulmuş qalacaq.
  • Beşinci şərt ondan ibarətdir ki, bütün razılaşmalar Avropa təhlükəsizliyinin maraqlarının qorunmasını təmin etməlidir. Avropa İttifaqı və NATO ilə bağlı danışıqların bir hissəsi Aİ ölkələrinin və Şimali Atlantika Alyansına üzv ölkələrin razılığını tələb edəcək.

Bəyanatda həmçinin qeyd olunur ki, liderlər "Ukraynanın son döyüş sahəsindəki uğurlarını, xüsusilə ərazilərin azad edilməsini və pilotsuz təyyarə texnologiyasından innovativ istifadəni alqışlayıblar". Onlar həmçinin Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz təyyarə hücumlarını, xüsusilə "Oreşnik" raketlərindən dəfələrlə istifadə edilməsini, həmçinin Rusiya pilotsuz təyyarələrinin NATO ərazisinə daxil olmasını pisləyiblər. Bundan əlavə, liderlər Ukraynaya gələcək dəstəyi, həmçinin NATO-nun "Ukraynanın döyüş sahəsindəki təcrübəsindən necə faydalana biləcəyini və öz Avropa müdafiəsini gücləndirmək üçün Ukrayna ilə uzunmüddətli sənaye əməkdaşlığını necə gücləndirə biləcəyini" müzakirə ediblər. Görüş iştirakçıları həmçinin Zelenskinin 4 iyun tarixli Putinə yazdığı məktubda təqdim etdiyi müharibənin danışıqlar yolu ilə başa çatdırılması çağırışını "yüksək qiymətləndiriblər".
Almaz Həsənli