Türkiyənin dəstəyi ilə Komratda tikilən kollec dil mübahisəsinə görə açıla bilmir
Türkiyənin dəstəyi ilə iki il əvvəl Komratda tikilən yeni kollec hələ də qapılarını açmayıb. Bina demək olar ki, hazırdır, müasir sinif otaqları və emalatxanalarla təchiz olunub, lakin istifadəyə verilməyib. Oxuməni.az xəbər verir ki, bu barədə “protv.md” yazıb.
Səbəb Moldova Təhsil Nazirliyi ilə Gagauziya Muxtar Respublikasının rəhbərliyi arasındakı münaqişədir. Kişinev rumın dilində tədris tələb edir (bu, Türkiyə tərəfi ilə olan razılaşmaya uyğun gəlir), Gagauziya isə dərslərin rus dilində keçirilməsini tələb edir.
Komrat gəncləri isə dilin onlar üçün fərq etmədiyini bildirirlər:
"Bu problem deyil. Mən həm rus, həm də rumın dilini başa düşürəm."
"Çox gözəl bina, açılmaması təəssüf doğurur. İşləmir."
"Şəhərimizdə bu lazımdır, çünki liseylərimiz azdır. Bu layihə bizim nəslimiz üçün lazımdır."
Kollecin tikintisinə beş il əvvəl başlanılıb. Torpaq sahəsi Komrat bələdiyyəsi tərəfindən ayrılıb, bina isə Türkiyə tərəfdaşlarının dəstəyi ilə tikilib. Lakin şəhər meri Sergey Anastasov bildirir ki, yerli hakimiyyət orqanları bu münaqişəyə müdaxilə edə bilməz. Onun sözlərinə görə, problem daha çox siyasi xarakter daşıyır:
"Biz bələdiyyədən tikinti üçün torpaq ayırdıq, onu muxtar vilayətə verdik və onlar tikdilər. Kim tikibs, o da hansı dildə tədrisin keçiriləcəyinə qərar verməlidir. Burada başqa bir problem var, mən düşünürəm ki, bu daha çox siyasi problemdir."
Gagauziya Muxtar Respublikasının başçısı vəzifəsini icra edən İlya Uzun sərt mövqe tutur: Kişinev rus dilində, ya da ən azı türk dilində tədrisə razılaşmayana qədər kollec açılmayacaq.
"Tədris dili türk dili olsaydı daha yaxşı olardı," - Uzun bildirib. - "Onda uşaqlarımız qaqauz dilini də təkmilləşdirərdilər. Bu daha ədalətli olardı, onda biz anlayardıq ki, müəssisə muxtar vilayətin maraqlarına xidmət edir."
Təhsil naziri Dan Perçiun isə əksinə, Komrat hakimiyyətini rus dilinin tətbiqinə məcbur etmək üçün kollecin açılışını qəsdən əngəlləməkdə günahlandırır.
"Bizim mövqeyimiz çox qətidir və dəyişməyəcək", Perçiun vurğulayıb. "Türkiyə tərəfi də Komratı mövqeyini yenidən nəzərdən keçirməyə və daha konstruktiv olmağa inandırmaq üçün səylər göstərir."
Komratdakı peşə kolleci Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə inşa edilib. Təhsil Nazirliyinin məlumatına görə, müəssisə dövlət kolleci statusu alacaq və nazirliyə hesabat verəcək.
Almaz Həsənli


















































































