
Tramp Coca-Colanın Amerika bazarı üçün reseptində dəyişiklik etdiyini açıqlayıb
Coca-Cola şirkəti Amerika bazarı üçün istehsal edilən içkilərin tərkibini dəyişməyə razılıq verib. Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.
Siyasətçinin sözlərinə görə, o, şirkətlə məhsullarında əsl qamış şəkərindən istifadə etmək barədə danışıqlar aparıb. Tramp onun təklifi ilə razılaşmaq qərarına gələnlərə təşəkkür edib.
“Reuters” qeyd edir ki, ABŞ prezidentinin təşəbbüsü sağlam həyat tərzinə dəstək hərəkatı ilə bağlıdır və bu hərəkat Səhiyyə Naziri kiçik Robert Kennedi tərəfindən dəstəklənir. Departamentin rəhbəri əvvəllər amerikalıların yüksək şəkər istehlakını tənqid edib və yenilənmiş pəhriz tövsiyələrinin tezliklə yayımlanacağını bildirib.
Yüksək fruktozalı qarğıdalı siropu ABŞ üçün Coca-Cola istehsalında istifadə olunur. Eyni zamanda, bəzi ölkələrdə şirkət içkilərə qamış şəkəri əlavə edir.
Almaz Həsənli