
Üç NATO ölkəsi Rusiyanın təhdidinə görə Qara dənizdəki mövcudluğunu artıracaq
Rumıniyanın müdafiə naziri İonut Mosteanu bildirib ki, onun ölkəsi, eləcə də Bolqarıstan və Türkiyə Qara dənizin minalardan təmizlənməsi üzrə birgə işçi qrupunu genişləndirməlidir. Bu barədə “Reuters” xəbər verir. Onun sözlərinə görə, enerji obyektlərini və ticarət yollarını Rusiya Federasiyasının potensial hücumundan qorumaq üçün missiyaya patrul qüvvələrinin əlavə edilməsi planlaşdırılır.
"Yaxın illərdə bu layihəni patrul layihəsinə qədər genişləndirmək lazımdır. Biz bunu yaxın gələcəkdə müttəfiqlərimizlə müzakirə edəcəyik", - Mosteanu bildirib.
O, həmçinin əlavə edib ki, Qara dəniz yaxın illərdə Rusiya üçün döyüş meydanı olaraq qalacaq. Ona görə də ölkələr öz maraqlarını qoruyaraq müqavimət göstərməlidirlər.
"Biz Rusiyaya müqavimət göstərməli və öz maraqlarımızı, yəni enerji infrastrukturu, dəniz ticarəti və naviqasiya azadlığını qorumalıyıq. Bu, bizim məqsədlərimizdir və onlar qorunacaq", - nazir bildirib.
Qeyd edək ki, Qara dəniz Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra mühüm hərbi əməliyyatlar teatrı olub. Buraya taxıl və neft tədarükünü təhlükə altına alan, bir neçə ticarət gəmisinə ziyan vuran sürüklənən dəniz minaları daxildir. Belə ki, 2024-cü ildə Rumıniya, Bolqarıstan və Türkiyə birgə minalardan təmizləmə qrupu yaradıb.
Qeyd olunanlardan əlavə, Mosteanu Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp və Kreml rəhbəri Vladimir Putin arasında keçiriləcək sammiti şərh edib. O, görüşün atəşkəsə gətirib çıxaracağına ümid etdiyini bildirib.
“Hamı atəşkəsin əldə olunmasını, sonra isə təhlükəsizlik zəmanəti ilə ədalətli və davamlı sülhün bağlanmasını gözləyir”, - deyə o, yekunlaşdırıb.
Xatırladaq ki, Ukrayna bu yaxınlarda Bolqarıstanı Qara dənizin minalardan təmizlənməsi təşəbbüsünə qoşulmağa dəvət etmişdi. Müdafiə naziri Denis Şmıxalın sözlərinə görə, minalardan təmizləmənin əsas məqsədi gəmilərin maneəsiz daşınmasını təmin etməkdir.
Qeyd edək ki, Qara dənizdə minatəmizləmə əməliyyatının ilk günlərində 6 mina məhv edilib.
Əziz MUSTAFA