İran Ermənistana TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı yeni şərtlər irəli sürüb
İran hakimiyyəti Ermənistanın Baş naziri Nikol Paşinyana "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsinin təhlükəsizliyi ilə bağlı yeni tələblər irəli sürüb. Oxuməni az xəbər verir ki, bu barədə NEWS.am mənbələrə istinadən məlumat yayıb.
Tehran tələb edib ki, TRIPP infrastrukturunun təhlükəsizliyi və müdafiəsi ya Ermənistan Silahlı Qüvvələri, ya da respublika ərazisində artıq hərbi mövcudluğu olan üçüncü ölkənin hərbçiləri tərəfindən təmin edilsin. Mənbələrin iddia etdiyinə görə, söhbət çox güman ki, Ermənistanda yerləşən Rusiya hərbçilərindən gedir.
Beləliklə, İran tərəfi öz sərhədləri yaxınlığında Amerika hərbi kontingentinin peyda olmasına yol verməməyə çalışır. KİV-in məlumatına görə, Tehran regionda ABŞ hərbçilərinin mümkün mövcudluğunu potensial təhdid kimi qiymətləndirir. Münaqişənin daha da gərginləşəcəyi təqdirdə, İrana yaxın məsafədə yerləşən Amerika hərbçiləri İran tərəfindən legitim hərbi hədəf kimi qəbul edilə bilər.
Tehranın yeni tələbləri İrəvanın əsas xarici siyasət və infrastruktur layihələrindən biri olan TRIPP-in həyata keçirilməsini çətinləşdirə bilər. Təhlükəsizlik məsələləri və xarici qüvvələrin mövcudluğu ətrafında fikir ayrılıqlarının davam etdiyi bir vaxtda, İranın əlavə şərtləri Ermənistan hakimiyyəti üçün razılaşmaların icrasında yeni məhdudiyyətlər yaradır.
Ermənistan hakimiyyəti əmin edib ki, TRIPP layihəsinin həyata keçirilməsi İran üçün heç bir çağırış və ya təhdid yaratmayacaq.
Almaz Həsənli




















































































