Zelenski: ABŞ Moskva və Kiyevlə qarşıdan gələn qış üçün deeskalasiyanı müzakirə edib
ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Moskva və Kiyevlə qış ərəfəsində və qış dövründə deeskalasiya üçün potensial addımları müzakirə ediblər. Oxuməni. az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Axios" nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Uitkoff və Kuşnerin məqsədlərindən biri Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını blokdan çıxarmaq, digəri isə qarşıdan gələn qışı əvvəlkilərdən fərqli etməyə çalışmaq olub (əvvəlki qışlarda Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları müharibəni daha da gərginləşdirmişdi).
Zelenski əmindir ki, Rusiya əvvəlki illərdə olduğu kimi, payız-qış dövründə də Ukraynanın enerji sisteminə fəal şəkildə hücum etməyi planlaşdırır. Lakin eyni zamanda o hesab edir ki, Vladimir Putin Donald Trampı "narahat etmək istəmir" və danışıqları irəli aparmaq üçün ideyaları "müzakirə etməyə hazırdır".
Qeyd edək ki, Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Moskvaya, sentyabrın 6-da isə Kiyevə səfər ediblər. Bu, onların müharibə başlayandan bəri Ukrayna paytaxtına ilk səfəri olub. Danışıqların yekunlarına əsasən, tərəflər hər hansı ciddi irəliləyiş barədə bəyanat verməyiblər. Volodimir Zelenski Uitkoff və Kuşnerlə görüşdən sonra etiraf edib ki, müharibəni ilin sonuna qədər dayandırmaq çətin olacaq.
Almaz Həsənli




















































































