Eyfel qülləsinin əməkdaşları hindu təşkilatının səfəri zamanı qadın əməkdaşların uzaqlaşdırılmasının istənilməsinə etiraz olaraq tətil keçiriblər

Eyfel qülləsinin əməkdaşları hindu təşkilatının səfəri zamanı qadın əməkdaşların uzaqlaşdırılmasının istənilməsinə etiraz olaraq tətil keçiriblər

16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Parisdə Eyfel qülləsini idarə edən şirkətin əməkdaşları rəhbərliyin kollektivin qadın üzvləri ilə bağlı hərəkətlərinə etiraz olaraq tətil keçiriblər. Oxuməni.az BBC-nin məlumatına istinadla xəbər verir ki, etiraza səbəb rəhbərliyin hindu təşkilatının nümayəndələri qülləyə səfər edərkən qadın əməkdaşların onların gözünə görünməməsi ilə bağlı xahişi olub. Tətil səbəbindən qüllə sentyabrın 7-də bütün gün fəaliyyət göstərməyib.

Kollektiv və həmkarlar ittifaqları arasında narazılığa səbəb olan bu xahiş Eyfel qülləsini idarə edən SETE şirkətinin rəhbərliyi tərəfindən ötən şənbə, sentyabrın 5-də irəli sürülüb. Həmin gün konservativ hindu hərəkatı BAPS-ın (Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha) təxminən 100 nəfərdən ibarət kişi qrupu Eyfel qülləsini ziyarət edib. Səfərdən əvvəl qrupun iştirakçıları SETE rəhbərliyindən xahiş ediblər ki, qüllədə olduqları müddətdə qadınlarla mümkün qədər az təmasda olmaları təmin edilsin. Rəhbərlik bu şərtlə razılaşıb. Səfər zamanı rəhbərliyin xahişi ilə bəzi qadın əməkdaşların yerinə kişi əməkdaşlar təyin edilib.

SETE əməkdaşlarının maraqlarını müdafiə edən həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, “qadınlar onlara qarşı belə münasibətdən təhqir olunublar”. Keçirilən tətil vasitəsilə SETE kollektivi qadın əməkdaşlara dəstəyini ifadə edib.

Parisin meri Emmanuel Qrequar hadisə ilə bağlı araşdırma aparılması barədə göstəriş verib. O qeyd edib ki, “belə hallar yolverilməzdir” və “Eyfel qülləsində həm kişilərin, həm də qadınların olmaq və sərbəst hərəkət etmək hüququ var”.

SETE rəhbərliyi artıq qadın əməkdaşlardan və bütün kollektivdən üzr istəyib və hindu nümayəndə heyətinin bu şərti ilə razılaşmamalı olduğunu etiraf edib.

Bu gün Eyfel qülləsi fəaliyyətini adi qrafik üzrə bərpa edib.

Almaz Həsənli