ABŞ beş İran tankerini məhv etdiyini açıqlayıb, İran cavab zərbəsi endirib

ABŞ beş İran tankerini məhv etdiyini açıqlayıb, İran cavab zərbəsi endirib

13:46
Bəyəndim (2) Bəyənmədim (0)

Çərşənbə axşamı ABŞ hərbçiləri xam neft daşıyan beş İran tankerini məhv edib. Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisinə ballistik raketlərlə iki dəfə hücum etməyə cəhd göstərməsindən sonra baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ gəmisi hücumlardan uğurla yayınıb və bölgənin sularında patrulluğunu davam etdirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti arasında xəsarət alan olmayıb”, – məlumatda deyilir. Məlumata video görüntülər də əlavə olunub.

“İran ABŞ-ın hərbi-dəniz gəmilərinə zərbə endirmək cəhdlərini davam etdirir və onlar bunu etdikləri və ya etməyə çalışdıqları hər dəfə tanker itirəcəklər”, – ABŞ dövlət katibi Marko Rubio Kolumbiyaya səfəri zamanı jurnalistlərə bildirib.

ABŞ-ın zərbələri iki günlük fasilədən sonra yenidən başlayıb.

İranın Tasnim agentliyi ABŞ raketinin İranın əsas neft terminalının yerləşdiyi Xark adasından altı kilometr məsafədə tankerə dəydiyini bildirib. Dövlət televiziya və radio şirkəti isə Oman körfəzindəki Cask limanı yaxınlığında başqa bir tankerə hücum edildiyini açıqlayıb.

İran cavab zərbələri endirib. Əvvəlcə SEPAH İordaniyadakı Əl-Əzraq ABŞ bazasına ballistik raketlərlə hücum etdiyini bildirib. İran mediası İordaniya istiqamətində İran raketlərinin buraxılışını əks etdirdiyi iddia edilən videonu yayıb.

İran raketlərinin ciddi ziyan vurduğunu açıqlasa da, İordaniya hakimiyyəti bildirib ki, hava hücumundan müdafiə sistemləri İranın 20 raketindən 18-ni zərərsizləşdirib, daha iki raket isə yaşayış olmayan əraziyə düşüb. Xəsarət alan olmayıb.

SEPAH həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə hücum etdiyini iddia edir. ABŞ komandanlığı bu hücumu təsdiqləməyib.

Daha sonra SEPAH beş İran tankerinə hücuma cavab olaraq iki ABŞ ticarət gəmisinə və daha səkkiz neft tankerinə zərbə endirildiyini açıqlayıb. Tehranın bu iddiası da hələlik təsdiqini tapmayıb.

Almaz Həsənli