Apple qatlanan iPhone Duo-nu təqdim edib

Apple qatlanan iPhone Duo-nu təqdim edib

14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Apple şirkətinin baş direktoru Con Ternus vəzifəsinin icrasına başladıqdan cəmi ikinci həftə sonra, iPhone-un təxminən 20 illik tarixində dizayn baxımından ən radikal dəyişikliklərdən birini elan edib.

Çərşənbə günü Apple-ın rəhbəri vəzifəsində Tim Kuku əvəz edən Ternus şirkətin yeni məhsullarının ənənəvi təqdimat mərasimində ilk qatlanan iPhone-un nəhəng təsviri qarşısında çıxış edib. Bu barədə Oxuməni.az şirkətin yayımına istinadən məlumat yayıb.

Kitabı xatırladan və Duo adlandırılan cihaz həm də tarixdəki ən böyük iPhone-dur. ABŞ-da qiyməti 1999 - 3199 dollar arasında olacaq telefon eyni zamanda ən bahalı iPhone hesab olunur.

Smartfon iki displeylə təchiz edilib: xarici ekranın diaqonalı 5,4 düym, daxili ekranın diaqonalı isə 7,6 düymdür. Hər iki displeyin tərəf nisbəti 1:1,4 təşkil edir. Bu da məzmunun ekranlar arasında problemsiz şəkildə miqyaslandırılmasına imkan verir.

Əslində, bu cihaz iPhone Air-də istifadə olunan ideyaların inkişafıdır. Duo da titan və şüşədən hazırlanmış korpusa, eləcə də daha böyük akkumulyator yerləşdirməyə imkan verən kamera blokuna malikdir. Air modelində olduğu kimi, Duo-da fiziki SIM kartdan tamamilə imtina edilib. Bu da korpusun daxilində əlavə yerə qənaət etməyə imkan verib.

Apple iOS əməliyyat sistemini tamamilə yenidən işləyib və sistemin iPhone Duo-nun müxtəlif vəziyyətlərinə uyğunlaşmasını təmin edib. Smartfonu çadır formasında qatlayaraq xarici displeydə video izləmək, yaxud 90 dərəcə bucaq altında açaraq masanın üzərinə qoymaq və bu vəziyyətdə mətn yazmaq mümkündür.

Duo-nun kameraları iPhone 18 Pro ilə müqayisədə daha sadədir. Arxa paneldə iki kamera yerləşdirilib: əsas kamera və ultra genişbucaqlı kamera. Xarici displeydə kvadrat sensorlu 48 meqapiksellik ön kamera var. Daxili displeydəki ön kamera isə ekranın altında gizlədilib.

Ternusun sözlərinə görə, Duo-nun dizaynı “iPad-dən ilhamlanıb”. O, telefonun qatlanan konstruksiyasının xüsusiyyətlərini “çevik və tamamilə intuitiv” adlandırıb.

Apple mütəxəssisləri qatlanan iPhone üzərində bir neçə il ərzində işləyiblər.

Açılmış vəziyyətdə Duo kiçik iPad-ə bənzəyir. Qatlandıqda isə geniş iPhone görünüşünü alır.

Ternus təqdimat zamanı bildirib ki, Apple bazarda artıq mövcud olan digər qatlanan telefonların dizaynını təkrarlamaqdan qaçmağa çalışıb. Onun sözlərinə görə, rəqiblərin məhsulları “bir-birinin üzərinə qatlanmış iki telefona bənzəyir və nəticədə daha geniş ekran daha kiçik hiss olunur”.

Çərşənbə günü Apple həmçinin iPhone 18 Pro və iPhone 18 Pro Max modellərini təqdim edib. Onların ABŞ-da qiyməti müvafiq olaraq 1 199 və 1 299 dollardan başlayacaq.

iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin satışları sentyabrın 18-də başlayacaq. iPhone Duo isə təxminən bir ay yarım sonra — oktyabrın 23-də satışa çıxacaq.

Almaz Həsənli