İran və Fars körfəzi ölkələrinin Omandakı görüşü təxirə salınıb

İran və Fars körfəzi ölkələrinin Omandakı görüşü təxirə salınıb

13:23
Bəyəndim (1) Bəyənmədim (0)

Fars körfəzi ölkələri və İranın xarici işlər nazirlərinin sentyabrın 14-də Omanda keçirilməsi planlaşdırılan görüşü "konsensusa nail olmaq maraqları naminə" daha sonrakı bir tarixə təxirə salınıb. Oxuməni. az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busəidi "X" sosial şəbəkəsində bildirib.

"Konsensusa nail olmaq maraqları naminə sabah Salalada keçirilməsi planlaşdırılan regional görüş təxirə salınıb. Biz regionumuzda sabitliyə və uzunmüddətli əməkdaşlığa töhfə verən dialoqun inkişafına sadiq qalırıq", - deyə o qeyd edib.

İranın "Fars" agentliyi Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib ki, sentyabrın 14-nə planlaşdırılan görüş bəzi regional ölkələrin xahişi ilə təxirə salınıb.

Bundan əvvəl "Tasnim" agentliyi məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, İran vasitəçilər vasitəsilə ABŞ-a Hörmüz boğazının tam açılması üçün yerinə yetirilməsi vacib olan yeddi şərt çatdırıb. Mənbənin sözlərinə görə, İslam Respublikasının ali rəhbərliyi tərəfindən təsdiqlənmiş bu şərtlər yerinə yetirilməyənə qədər boğaz bağlı qalacaq. Agentliyin həmsöhbəti izah edib ki, beləliklə, İran və Oman arasındakı razılaşma Hörmüz boğazının açılmasına gətirib çıxarmır.

Almaz Həsənli