Tramp Ukraynaya “Patriot” raketlərinin daha köhnə versiyası üçün lisenziya verilməsinin mümkünlüyünü istisna etməyib
Ukrayna ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün köhnəlmiş raket versiyasının istehsalına dair lisenziya ala bilər. Oxuməni az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İrlandiyadan ABŞ-a uçarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlər Ağ Ev rəhbərindən Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-dan belə bir lisenziya ala bilib-bilməyəcəyini soruşublar.
“Biz daha az müasir versiyanın istehsalı üçün lisenziyanın verilməsini müzakirə edirik. Nəyi nəzərdə tutduğumu başa düşürsünüz? Söhbət daha az müasir variantlardan gedir”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, ABŞ hazırda “heç vaxt olmadığı qədər çox Patriot raketi” istehsal edir.
“Bizim müəyyən silah növləri üzrə böyük ehtiyatlarımız var, bəziləri demək olar ki, tükənməz miqdardadır. Yüksək səviyyəli sursatlara gəlincə, onların böyük hissəsi Ukraynaya verilib, lakin biz bu ehtiyatları çox sürətlə bərpa edirik”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.
Avqustun əvvəlində Tramp Ukrayna hakimiyyətinin “Patriot” raketlərinin tədarükü ilə bağlı müraciətini şərh edərkən bildirib ki, ABŞ hərbçilərinin özlərinin də sursata ehtiyacı var. O, ABŞ arsenalının tükənməsinə görə məsuliyyəti keçmiş prezident Co Baydenin üzərinə qoyub.
Qeyd edək ki, “Patriot” raketləri Ukraynanın Rusiya ballistik raketlərindən müdafiəsində əsas vasitələrdən biri hesab olunur. Kompleksin istehsalçısı olan RTX şirkəti (əvvəllər Raytheon) ildə təxminən 500 ədəd Patriot PAC-3 MSE raket-interseptoru istehsal edir. Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə sursat çatışmazlığından danışıb və qış aylarında Ukrayna şəhərlərini Rusiya hücumlarından qorumaq üçün ABŞ-a öz ehtiyatlarının bir hissəsini satmağı təklif edib.
Almaz Həsənli




















































































