Çin süni intellektin inkişafının yavaşladılması çağırışlarını rədd etdi
Çin süni intellekt sahəsində qabaqcıl texnologiyaların inkişafının yavaşladılması ilə bağlı təklifləri dəstəkləməyib. Pekində hesab edirlər ki, süni intellekt sahəsində tərəqqi dayandırılması mümkün olmayan qlobal tendensiyadır.
Oxuməni.az xəbər verir ki, bu barədə NBC News Çinin Xarici İşlər Nazirliyinin mövqeyinə istinadən məlumat yayıb.
Çin XİN-dən bildirilib ki, süni intellektin imkanları və tətbiq sahələri sürətlə genişlənməkdə davam edir. Pekin texnologiyaların süni şəkildə məhdudlaşdırılması əvəzinə beynəlxalq əməkdaşlığın gücləndirilməsini təklif edir.
Çinin mövqeyinə görə, dövlətlər süni intellektin yarada biləcəyi potensial risklərlə bağlı problemlərin həlli və texnologiyanın məsuliyyətli istifadəsinin təmin edilməsi istiqamətində birgə çalışmalıdırlar. Bununla yanaşı, texnoloji inkişafın qarşısının alınmaması vacibdir.
Pekin həmçinin süni intellekti gələcək iqtisadi və texnoloji artımın mühüm amillərindən biri hesab edir. Çin bu sahədə öz tədqiqat və işləmələrinə investisiyaları davam etdirir və süni intellekt imkanlarını genişləndirir.
Süni intellektin inkişafının mümkün qədər yavaşladılması ilə bağlı müzakirələr getdikcə daha güclü modellərin ortaya çıxması fonunda intensivləşib. Bu yanaşmanın tərəfdarları potensial risklər barədə xəbərdarlıq edir və daha sərt nəzarət mexanizmlərinin tətbiqinə çağırırlar.
ABŞ Prezidenti Donald Tramp da süni intellektin inkişafının yavaşladılması ideyasına qarşı çıxıb. O, belə bir qərarı “qızıl yumurta qoyan toyuğu öldürməyə” bənzədib və ABŞ ilə Çin arasında texnoloji rəqabəti vurğulayıb.
Beləliklə, dünyanın iki ən böyük iqtisadiyyatı qlobal texnoloji rəqabətin gücləndiyi bir vaxtda süni intellektin inkişafını könüllü şəkildə yavaşlatmağa hazır olduqlarını hələlik nümayiş etdirmirlər.
Almaz Həsənli




















































































