FT: Putin Trampın elan etdiyi enerji atəşkəsini Ukrayna ilə bağlamaq istəmir

FT: Putin Trampın elan etdiyi enerji atəşkəsini Ukrayna ilə bağlamaq istəmir

15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Vladimir Putin qışa qədər Ukrayna ilə enerji infrastrukturuna qarşılıqlı zərbələrin dayandırılmasına dair saziş bağlamaq istəmir, çünki o, Ukraynanın enerji sisteminə edilən hücumların Kiyevə təzyiqi artıra və onu güzəştə getməyə məcbur edə biləcəyinə inanır. Oxuməni. az xəbər verir ki, bu barədə "Financial Times" (FT) Kremlin mövqeyi ilə tanış olan mənbələrə istinadən yazır. Bununla yanaşı, nəşrin həmsöhbətlərinin məlumatına görə, Moskva və Kiyev həqiqətən də enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı danışıqları bərpa ediblər, lakin ABŞ prezidenti Donald Trampın əksini bəyan etməsinə baxmayaraq, tərəflər arasında bu məsələ ilə bağlı yekun razılaşma yoxdur.

ABŞ, Ukrayna və Rusiya arasında sülh danışıqlarında birbaşa iştirak edən rəsmi şəxslər FT-yə bildiriblər ki, enerji obyektlərinə zərbələrin dayandırılması məsələsi artıq xeyli müddətdir müzakirə olunur. Əvvəlcə bu məsələ üçtərəfli məsləhətləşmələrdə, fevral ayında bu format dayandırıldıqdan sonra isə ayrı-ayrı görüşlərdə və qeyri-rəsmi danışıqlarda qaldırılıb. Mənbələrin qeyd etdiyi kimi, Ukrayna bir neçə aydır ki, Rusiyadan enerji obyektlərinə, həmçinin limanlara və digər kritik infrastruktura qarşılıqlı zərbə fasiləsi verməyi tələb edirdi. Lakin Moskva bu təkliflərə maraq göstərməyib və əksinə, hücumları gücləndirib.

İki yüksək rütbəli ukraynalı məmur FT-yə bildirib ki, onların fikrincə, Tramp bu bəyanatı ilə yüksək yanacaq qiymətlərindən yorulan amerikalılara qiymətlərin aşağı salınması ilə məşğul olduğunu göstərmək istəyib.

Sentyabrın 13-də Tramp Ukraynanı Rusiyanın yanacaq müəssisələrinə zərbələri dayandırmağa çağıraraq bildirib ki, çoxsaylı hücumlar dünyada benzin və digər neft məhsullarının qıtlığına səbəb olur. "Başqa çoxlu hədəflər var", - deyə o bildirib. Bazar ertəsi, sentyabrın 14-də ABŞ prezidenti bildirib ki, Kiyev Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb, Moskva isə analoji öhdəlik götürüb. Eyni zamanda, o vurğulayıb ki, dizel yanacağının dünya qiymətlərinin artması əsasən ABŞ və İranın müharibəsi ilə deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlıdır.

Almaz Həsənli