Rusiyalı iş adamının Tramp kiçiyin toy şənliklərini maliyyələşdirdiyinə dair məlumatlar araşdırılır
ABŞ Konqresindəki demokratlar, rusiyalı bir iş adamının Donald Tramp kiçiyin toy şənliklərini maliyyələşdirdiyinə dair məlumatlardan sonra araşdırmaya başlayıblar. İstintaq ötən ilin may ayında Baham adalarında keçirilən tədbirlərlə bağlıdır.
Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Araşdırmaya "ProPublica"nın hesabatı səbəb olub; həmin hesabatda qeyd edilir ki, rusiyalı iş adamı və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Ömər Kremlev Donald Tramp kiçiyin toyu ilə bağlı şənliklərin bir hissəsinin xərclərini ödəyib.
"Reuters"in məlumatına görə, söhbət yüz minlərlə dollarlıq məbləğdən gedir. Şənliklər may ayında Baham adalarında keçirilib. Nəşr qeyd edir ki, Kremlevin Rusiya hakimiyyəti ilə sıx əlaqələri var. Tramp kiçiyin həyat yoldaşı Bettina Tramp bildirib ki, Kremlev onların dostudur və "fövqəladə dərəcədə səxavətli toy hədiyyəsi" verib. Eyni zamanda, o vurğulayıb ki, iş adamı toyun özü üçün deyil, toydan sonrakı iki əyləncə məclisi üçün ödəniş edib.
İndi Konqres üzvləri bilmək istəyirlər ki, Kreml ilə əlaqəli rusiyalı iş adamı nə üçün ABŞ prezidentinin qohumu üçün təmtəraqlı şənliyi maliyyələşdirməyə razılıq verib.
"Nə üçün rusiyalı oliqarx və Vladimir Putinin dostu prezidentin oğluna maddi dəstək göstərir? Ömər Kremlev Baham adalarındakı bu üçgünlük toyu maliyyələşdirmək müqabilində nə gözləyir?" – deyə Demokratlar Partiyasının nümayəndəsi Robert Qarsiya yazıb.
Bu arada, Senatdakı demokratların lideri Çak Şumer rusiyalı iş adamının əlaqələrini nəzərə alaraq, belə bir hədiyyənin nə dərəcədə məqsədəuyğun olduğunu sual altına alıb.
"Siz sadəcə hədiyyə verən əmiuşağı ilə deyil, rusiyalı oliqarxla iş görürsünüz... bəzən toy hədiyyəsi xarici avtokratdan gələn rüşvət olur", – deyə Şumer bildirib.
Oğlunun toyunda iştirak etməyən Donald Tramp Kremlevi tanımadığını bildirib və vəziyyəti "o qədər də vacib deyil" deyərək qiymətləndirib. "Reuters" qeyd edir ki, Qarsiya və digər aparıcı Demokratlar artıq Donald Tramp, onun ailəsi və 2025-ci ildə başlayacaq ikinci prezidentlik dövrü ilə bağlı ortaya çıxa biləcək etik məsələlərlə əlaqədar mümkün araşdırmalara hazırlaşırlar.
Xatırladaq ki, sentyabrın 14-də "ProPublica" araşdırma dərc edərək, Putinə yaxın rusiyalı oliqarx Ömər Kremlyovun Donald Trampın oğlunun (Donald Tramp kiçik) Baham adalarındakı dəbdəbəli toyu üçün gizli şəkildə yüz minlərlə dollar ödədiyini üzə çıxarıb.
Əziz MUSTAFA




















































































