Keçmiş Kosovo prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib

Keçmiş Kosovo prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib

14:44
Bəyəndim (1) Bəyənmədim (0)

Kosovo üzrə Xüsusi Məhkəmə Haşim Taçi və daha üç təqsirləndirilən şəxsi 1998–1999-cu illərdə baş vermiş müharibə zamanı qanunsuz həbs, qəddar rəftar, işgəncə və qətllərdə təqsirli bilib. 58 yaşlı Taçi 25 il müddətinə azadlıqdan məhrum edilib, onun tərəfdaşları isə 13 ildən 25 ilədək həbs cəzalarına məhkum olunublar. Taçi ittihamları qəbul etməyib. Oxuməni az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xüsusi Məhkəmənin qərarına əsasən, Haşim Taçi, Kadri Veseli, Yakup Krasniçi və Redjep Selimi 385 nəfərin qanunsuz saxlanılmasında, 49 nəfərə qəddar rəftar edilməsində, 303 nəfərə işgəncə verilməsində və 96 nəfərin öldürülməsində təqsirli biliniblər.

Eyni zamanda, məhkəmə ittiham tərəfinin mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistemli hücumların həyata keçirildiyini sübut etmək üçün kifayət qədər dəlil təqdim etmədiyi qənaətinə gəlib və dörd şəxsi insanlıq əleyhinə cinayətlərdə təqsirsiz elan edib.

Məhkəmənin qərarına görə, Taçi və digər təqsirləndirilən şəxslər Kosovo Azadlıq Ordusunun (KLA) siyasi və hərbi məqsədlərinə qarşı olduqlarını düşündükləri şəxslərin, o cümlədən digər qüvvələrə qoşulmuş kosovo-albanlarının, Serbiya hakimiyyəti ilə əlaqədə şübhəli bilinən şəxslərin, həmçinin roma və serblər də daxil olmaqla bəzi etnik azlıqların qanunsuz təqibinə əhəmiyyətli töhfə veriblər.

Məhkəmə iclasları zamanı sədrlik edən hakim bildirib ki, məhkəmə KLA -nın legitimliyi və onun Kosovo müstəqilliyinə nail olmaq məqsədini araşdırmır. Məhkəmə yalnız məqsədə çatmaq üçün təşkilatın bəzi üzvlərinin istifadə etdiyi üsullara baxır. Hakim həmçinin qeyd edib ki, bu proses zamanı Serbiya hərbçiləri və hərbiləşdirilmiş qüvvələrinin kosovo-albanlarına qarşı törətdiyi cinayətlər araşdırılmayacaq.

Reuters-in yazdığına görə, Taçi hakim hökmü oxuduğu zaman səssiz dayanıb. O, hökmündən apellyasiya şikayəti verə bilər.

Hökmün elan edildiyi gün Priştina və Haaqada Haşim Taçinin tərəfdarları toplaşıblar. Bir çox kosovalı onu qəhrəman hesab edir.

Xatırladaq ki, Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan etdikdən sonra Taçi qismən tanınan ölkənin hökumətində baş nazir, baş nazirin birinci müavini və xarici işlər naziri vəzifələrində çalışıb.

Taçi 2016–2020-ci illərdə Kosovo Respublikasının prezidenti olub. Kosovo üzrə Xüsusi Prokurorluq ona qarşı ittihamlar irəli sürdükdən sonra istefa verib və o vaxtdan Haaqada həbsdə saxlanılır.

«Sülh dövründə siyasi səhvlərə yol vermiş ola bilərəm, amma hərbi cinayətlərə heç vaxt», — Taçi 2020-ci ildə deyib.

Almaz Həsənli