Avstraliya və Yeni Zelandiya Kanadadan sonra Aİ-nin assosiativ üzvü ola bilər

Avstraliya və Yeni Zelandiya Kanadadan sonra Aİ-nin assosiativ üzvü ola bilər

13:52
Bəyəndim (1) Bəyənmədim (0)

Avstraliya və Yeni Zelandiya Kanada nümunəsini izləyərək Avropa İttifaqının (Aİ) “assosiativ üzvü” statusunu əldə edə bilər. Yaxın dəyərlərə malik ölkələr Aİ ilə daha sıx əlaqələr qurmağa çalışır. Oxuməni.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Prezidenti Roberta Metsola Euronews-a müsahibəsində bildirib.

Kanadanın Baş naziri Mark Karninin cümə axşamı çıxışından əvvəl “Europe Today” proqramına eksklüziv müsahibə verən Metsola təklif olunan statusu Aİ-yə tamhüquqlu üzvlüklə namizəd ölkə statusu arasında “üçüncü yol” kimi xarakterizə edib.

“Biz elə dövlətlərlə münasibətlərimizi dərinləşdirmək istəyirik. Şübhə etmirəm ki, bu siyahıya digər ölkələr də daxil olacaq və başqaları da qapımızı döyəcək... Belə qeyri-müəyyən dövrlərdə dostlar önəmlidir”, – Metsola deyib.

Aİ-nin artıq hər iki ölkə ilə ticarət sazişləri mövcuddur ki, bu da daha sıx əməkdaşlıq üçün başlanğıc nöqtəsi ola bilər. Oxşar münasibət formatı 2016-cı ildə Aİ ilə hərtərəfli ticarət sazişi imzalayan Kanadaya da təklif olunub.

Assosiativ üzvlüyün texniki baxımdan necə görünə biləcəyi ilə bağlı suala cavab verən Metsola danışıqların hələ ilkin mərhələdə olduğunu bildirib. O, ticarət əlaqələrinin dərinləşdirilməsi, kritik əhəmiyyətli xammala çıxışın təmin edilməsi və “eyni düşüncədə olan” ölkələr üçün xüsusilə vacib məsələlər, o cümlədən sosial şəbəkələr və uşaqların müdafiəsi ilə bağlı ümumi qaydaların hazırlanmasının mümkünlüyünü qeyd edib.

Çərşənbə günü Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İttifaqın vəziyyəti ilə bağlı illik çıxışında Kanadaya “assosiativ üzvlük” təklif edib.

Kanadanın Baş naziri Mark Karni ölkənin ən böyük ticarət tərəfdaşı olan ABŞ-la ticarət müharibəsi fonunda Aİ ilə yaxınlaşma yolları axtarır. ABŞ-da Kanadaya qarşı yüksək gömrük rüsumlarının tətbiq edilməsindən sonra Ottava dünyadakı mövqeyinə yenidən baxır. Karni isə “orta güclər” ittifaqının yaradılmasını fəal şəkildə dəstəkləyir.

Xatırladaq ki, Tramp açıqlamadan sonra jurnalistlərə bildirib ki, assosiativ üzvlüklə bağlı müraciətin “düşmənçilik xarakteri daşıması” halında Avropa İttifaqına qarşı yeni gömrük rüsumlarının tətbiqi imkanını nəzərdən keçirəcək.

Almaz Həsənli