SOCAR Türkiyəyə 7 milyard dollar sərmayə qoyur
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyənin neft-kimya sektoruna irimiqyaslı investisiyalar yatırmağı planlaşdırır. Bu barədə İstanbulda şirkət rəhbərliyinin fəaliyyətinin nəticələrini və inkişaf planlarını bölüşdüyü mətbuat konfransında bildirilib.
Oxuməni.az bu barədə “Haber Global”ə istinadən xəbər verir.
“SOCAR Türkiye”nin baş icraçı direktoru Elçin İbadovun sözlərinə görə, şirkət son 17 ildə Türkiyəyə 18,5 milyard dollar sərmayə qoyub və ölkənin ən böyük xarici investoru olub. Neft-kimya bölməsinin rəhbəri Kənan Mirzəyev neft-kimya istehsalının inkişafı üçün 7 milyard dollar məbləğində yeni investisiyaların yatırılacağını açıqlayıb.
Şirkət qazpaylayıcı şəbəkəsini fəal şəkildə inkişaf etdirir. “Hazırda Kayseri və Bursada qazlaşdırma işləri aparırıq. “Kayseriqaz” və “Bursagaz”ın paylayıcı şəbəkələrinə ümumi investisiya qoyuluşu 209 milyon dollara çatıb”, - İbadov qeyd edib. Bursada şəbəkənin uzunluğu 1,2 milyon abonentlə 7703 km, Kayseridə 700 min abunəçi ilə 7118 km-dir.
“SOCAR Türkiye” ekoloji cəhətdən təmiz aviasiya yanacağı istehsal etməyi də planlaşdırır. “Əsas məqsəd ekoloji cəhətdən təmiz aviasiya yanacağının istehsalıdır. Bu yanacaq həm yosunlardan, həm də işlənmiş məişət yağlarından hazırlana bilər. Bu istiqamətdə araşdırmalar aparılır”, - İbadov bildirib.
Hazırda “SOCAR Türkiye” 10 mindən çox insanı işlə təmin edir. Şirkətin Türkiyədəki ən böyük investisiya layihələri arasında “STAR” neft emalı zavodu (6,7 milyard dollar), “TANAP” Trans-Anadolu qaz boru kəməri (6,31 milyard dollar), “Petkim”-in alınması (2,04 milyard dollar), liman əməliyyatları (420 milyon dollar), daşınmaz əmlak investisiyaları ( 232 milyon dollar), qaz şirkətlərinin alınması (180 milyon dollar), anbarlara investisiyalar (110 milyon dollar), fiber optik rabitəyə investisiyalar (55 milyon dollar) və “SOCAR” qrup şirkətlərinə investisiyalar Türkiyə (2,445 milyard dollar).
Almaz Həsənli