Çin sanksiyalara məruz qalan Rusiya neft tankerlərini qəbul etməkdən imtina edib
ABŞ-ın yeni sanksiyalarına məruz qalan Rusiya neftini daşıyan üç tanker Çin limanına daxil ola bilmir. Bu barədə “Bloomberg” gəmilərin hərəkətini izləmək sistemlərinə istinadən yazır.
Ümumilikdə, bu tankerlər bazarda “Urals” markalı neftdən daha yüksək qiymətə qiymətləndirilən iki milyon barel “ESPO” markalı neft daşıyır. Hamısı Uzaq Şərqin Kozmino limanından yola düşüblər.
770 min barel neft yükü olan “Huihai Pacific” okean gəmisi 15 yanvar çərşənbə günü təyinat limanına çatmalı idi, lakin həftəsonu kursunu dəyişdi və hazırda dənizdə hərəkətsiz vəziyyətdə dayanır. 755.000 barel daşıyan “Mermar” tankeri də bu həftə hədəfinə çatmalı idi, lakin sahildə gözləyir. 709 min barel daşıyan “Olia” Sarı dənizdə qalır.
Bundan əvvəl bir neçə limanı idarə edən Çin şirkəti “Shandong Port Group Co”., məhdudiyyətlər altında olan tankerlərin terminallara yanaşmasından və ya boşaldılmasından imtina etməyi əmr etmişdi.
Almaz Həsənli