Coca-Cola Avropadakı məhsullarını kütləvi şəkildə geri çağırır
“The Coca-Cola Company”-nin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium”, tərkibində yüksək xlorat olduğuna görə məhsullarını Hollandiya, Almaniya, Fransa, Böyük Britaniya və Belçika bazarlarından kütləvi şəkildə geri çağırdığını elan etdi. Bu barədə “NL Times” portalı yazır.
Mətbuat xidməti izah edib ki, Gentdə içkilərin keyfiyyətinin istehsal üçün normativ tələblərə uyğunluğu yoxlanılarkən bir sıra problemlər aşkarlanıb.
Portalın məlumatına görə, geri çağırılmaya 2024-cü ilin noyabr ayının sonundan etibarən dövriyyədə olan, istehsal kodları 328 GE - 338 GE-dən olan Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico içkiləri daxildir.
Jurnalistlər dəqiqləşdiriblər ki, standartlara cavab verməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazarlara buraxılmayıb.
Mütəxəssislərin fikrincə, içkilərdə olan xlorat xroniki şəkildə istehlak edildikdə zərərli ola bilər, lakin bu halda səviyyələr risk yaratmaq üçün çox aşağıdır.
Almaz Həsənli