
Hərbi əməliyyatlar nəticəsində Ukraynanın infrastrukturuna dəyən ziyan 170 milyard dollara çatıb
2024-cü ilin noyabrına olan məlumata görə, Rusiya-Ukrayna silahlı münaqişəsi Ukraynanın infrastrukturuna demək olar ki, 170 milyard dollarlıq birbaşa itkilər verib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 12,6 milyard dollar çoxdur. “İnterfaks-Ukrayna”nın bazar ertəsi verdiyi məlumata görə, bu barədə Kiyev İqtisadiyyat Məktəbi (KSE) xəbər verib.
KSE-nin hesablamalarına görə, döyüşlərdən ən çox zərər çəkən mənzil fondu olub, itkilər 60 milyard dollar təşkil edib. 2024-cü ilin noyabrına qədər Ukraynada 236 mindən çox yaşayış binası zədələnib və ya dağılıb: 209 min fərdi və 27 min çoxmənzilli bina, həmçinin 600-ə yaxın yataqxana.
KSE nəqliyyat infrastrukturuna birbaşa itkiləri 38,5 milyard dollar qiymətləndirib. Xüsusilə, Ukrayna ərazisində 26 min km-dən çox yol zədələnib və ya dağılıb ki, bu da 28,3 milyard dollar dəyərində qiymətləndirilir. Dəmir yolu nəqliyyatının itkiləri 4,3 milyard dollar, şəxsi sərnişin daşımalarında isə 2,2 milyard dollar təşkil edir.
Ukraynanın enerji sektoru 14,6 milyard dollar itki ilə üzləşib. Bundan başqa, sənaye, tikinti və xidmət sektorunda birbaşa itkilər 14,4 milyard dollara, kənd təsərrüfatında 10,3 milyard dollara, təhsil infrastrukturunda 7,3 milyard dollara, səhiyyədə isə 4,3 milyard dollara çatıb.
Almaz Həsənli