İsveç yollarında icazə verilən hərəkət sürəti azaldılır

İsveç yollarında icazə verilən hərəkət sürəti azaldılır

31 Oktyabr 2019 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1100 kilometrdən artıq yolda hərəkətin icazə verilən sürəti azaldılıb.

Oxumeni.az İsveç KİV-lərinə istinadla xəbər verir ki, Krallığın nəqliyyat idarəsi yolların çoxunda icazə verilən hərəkət sürətini saatda 90 kilometrdən azaldılaraq saatda 80 kilometrə endirilməsinə icazə verib. Bildirilir ki, qərar bu il noyabrın əvvəlindən qüvvəyə minəcək.

Nəqliyyat məmurlarının sözlərinə görə, bu tədbir 2025-ci ilə qədər bütün yollarda hərəkət sürətinin məhdudlaşdırılması siyasətinin bir hissəsidir. Hazırda İsveç avtomobil yollarının çoxunda icazə verilmiş hərəkət sürəti saatda 90 kilometrə bərabərdir, lakin ikitərəfli hərəkət zolaqları arasında mərkəzi maneə yoxdur.

Qeyd edək ki, İsveç yolları dünyada ən təhlükəsiz yollardan biri hesab edilir. Krallığın yollarında ölüm hallarının sıfıra endirilməsinə dair hələ 1997-ci ildə qəbul edilmiş “Vision Zero” planına əsasən İsveçdə yol-nəqliyyat hadisələri nəticəsində ölüm və xəsarət hallarının tamamilə istisna ediləcəyi elan olunmuşdu.

Görülmüş tədbirlər nəticəsində 2000-ci ildən etibarən İsveçdə yol-nəqliyyat hadisələrinin sayını əvvəlki illərlə müqayisədə iki dəfədən çox azaltmaq mümkün olub. Öz növbəsində, yollarda ölüm halları da iki dəfədən çox azalıb. Məsələn, 1997-ci ildə İsveç yollarında 541 nəfər həyatını itirdiyi halda, 2017-ci ildə müvafiq rəqəm 251-ə bərabər olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)