Avstraliyada sahilə qəribə kürələr çıxıb
Avstraliya rəsmiləri, həftə sonu Kvinslend ştatının şimalında sahilə çıxan qəribə, böyük gümüşü kürələrin mənşəyini araşdırırlar. Tounsvillin şimalındakı Forrest Biçdə tapılan altı böyük obyektin kosmik tullantı ola biləcəyi ehtimal edilir. Oxuməni.az xəbər verir ki, BBC telekanalı bu barədə ətraflı məlumat verib.
Hazırda Avstraliya Kosmik Agentliyi (ASA) onların mənşəyini müəyyənləşdirməyə çalışır. BBC agentliyə sorğu göndərib.
Yerli KİV-in məlumatına görə, mütəxəssislər qoruyucu geyimlərdə kürələri təhlükəli maddələr üçün nəzərdə tutulmuş xüsusi hermetik konteynerlərə yerləşdiriblər. Polis tərəfindən qorunan bu obyektlərin içində təhlükəli maddələr ola biləcəyi ehtimalı var.
Kvinslend Yanğın və Xilasetmə Xidməti bazar günü bildirib ki, obyektlərin tapıldığı ərazinin ətrafında 50 metrlik təhlükəsizlik zonası saxlanılır. Qurum bu ərazidə şübhəli əşyalar tapan hər kəsi onlara toxunmamağa çağırıb.
Rəsmilər belə obyektlər tapan hər kəsə dərhal təhlükəsiz məsafəyə çəkilməyi və təcili xidmətlərə məlumat verməyi tövsiyə ediblər.
İnternetdə tapılan kürələrin kosmik aparatların yanacaq çənləri ola biləcəyi barədə fərziyyələr yayılıb. Bu halda, içəridə asan alışan və ya kimyəvi cəhətdən aktiv maddələrin qalıqları qala bilər.
Lakin hələlik bu obyektlərin hansı kosmik aparata aid olduğu və onu kimin buraxdığı məlum deyil.
Bu, Avstraliya sahillərində ilk qəribə tapıntı deyil. 2023-cü ildə ölkənin qərbində, Pertin yaxınlığında sahilə böyük bir metal günbəz çıxmışdı. Sonradan Hindistan bunun öz raketlərindən birinin hissəsi olduğunu təsdiqlədi.
Bundan əlavə, 2011-ci ildə Cənubi Afrikada, Namibiyanın ucqar bir ərazisində də oxşar bir kürə tapılmışdı. O zaman ekspertlər obyektin, böyük ehtimalla, raket texnikasında istifadə olunan çox uçucu və təhlükəli maddə olan hidrazinlə dolu yanacaq çəni olduğunu fərz etmişdilər.
Almaz Həsənli

















































































.jpg)
.jpg)

.jpg)









