Qarşıdakı onilliklərdə miqrasiya problemi Avropa üçün mühüm məsələ olaraq qalacaq

Qarşıdakı onilliklərdə miqrasiya problemi Avropa üçün mühüm məsələ olaraq qalacaq

8 Noyabr 2019 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Balkan regionunda qeyri-qanuni miqrantların sayı artmaqdadır. Hazırda Şimali Makedoniyada, Bosniya və Herseqovinada, Albaniyada cəmləşən miqrant qrupları Mərkəzi Avropa ölkələrinə keçməyə çalışırlar.

Oxumeni.az xəbər verir ki, bu fikirlər Avstriyanın Zaltsburq şəhərində Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin Daxili İşlər nazirlərinin toplandığı Zaltsburq forumunda səsləndirilib.

Avstriyanın Daxili İşlər naziri Volfqanq Peşorn bildirib ki, qarşıdakı onilliklərdə insan qaçaqçılığı, qeyri-qanuni miqrasiya və qaçqınlar problemi Avropanı məşğul edən əsas məsələlər sırasında olacaq. Balkan marşrutu üzərində yerləşən ölkələrin müvafiq hazırlıqları əsasında 2015-ci ildəki qaçqın böhranının təkrarlanma ehtimalı olmasa da, regionda cəmləşən qeyri-qanuni miqrantların sayı artmaqdadır. Buna görə də Avropa İttifaqı dövlətləri Bosniya və Herseqovina, Serbiya və Albaniyanı sərhəd mühafizəsində dəstəkləməlidirlər.

İyirmi ildən bəri təşkil olunan ənənəvi Zaltsburq forumu mərkəzi Avropa ölkələri arasında daxili təhlükəsizlik üzrə tərəfdaşlığı gücləndirməyə xidmət edir. Balkan ölkələrinin Daxili İşlər nazirlərinin də iştirak etdikləri tədbirdə Avropada yeni sığınacaq və miqrasiya sisteminin yaradılması, Dublin sistemində yeni qaydaların tətbiqi, müxtəlif ölkələrin polis orqanları arasında miqrasiya sahəsində transmilli əməkdaşlığın dərinləşdirilməsi və böhran vəziyyətlərində daha səmərəli əlaqələndirmənin tətbiqi, eləcə də Balkan ölkələrini sərhəd mühafizəsində dəstəkləmək məsələləri müzakirə olunub.

Forumun işində ev sahibi Avstriya ilə yanaşı, Bolqarıstan, Xorvatiya, Çexiya, Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Sloveniyanın, eləcə də Qərbi Balkan ölkələrinin daxili təhlükəsizlik üzrə təmsilçiləri iştirak ediblər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)