İrəvan və Moskvanın istəkləri Bakının tələbi yerinə yetirildikdən sonra reallaşa bilər
"Paşinyan Moskvadadır, Putindən hakimiyyətinə zəmanət istəyəcəyi, qarşı tərəfin şərtlərinin olduğu və görüşün nəticələrinin Ermənistan daxili siyasətinə təsirləri məlumdur. Bizim üçün ən mühüm məqam görüşdə “10 noyabr razılaşmasının müddəalarının həyata keçirilməsi” məsələsinin də müzakirə ediləcəyidir".
Oxuməni.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
O qeyd edib ki, indiyə qədər üçtərəfli razılaşmanın əksər müddəaları yerinə yetirilib, yaxud yetirilməkdədir:
"Birindən savayı: 4-cü bənd - sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Bu müddəanın yerinə yetirilib-yetirilməməsi bölgədəki proseslərin inkişafını müəyyən edəcək faktordur. Razılaşmada hər üç tərəfin cari prioritetləri var: İrəvan üçün “hərbi əsir” adlandırdığı terrorçuların qaytarılması, Moskva üçün kommunikasiyanın açılması - Ermənistana çıxdığı Gürcüstan marşrutuna alternativ yol, Bakı üçün erməni qoşunların Qarabağdan çıxarılması".
Siyasi şərhçinin fikrincə, İrəvan və Moskvanın istəkləri Bakının istəyinin yerinə yetiriləcəyi təqdirdə reallaşa bilər:
"İstisna deyil ki, Putin-Paşinyan görüşündə 10 noyabr razılaşmasının 4-cü maddəsinin icrası müzakirə ediləcək. Rusiya kommunikasiyanın açılmasına tələsir, Bayden Amerikası ilə qarşıdurmanın qızışması onsuz da riskli olan Gürcüstan yolunun etibarlılığını təhlükə altına qoyur. Ruslara Ermənistana qoşunları dislokasiya edə biləcəyi marşrut lazımdır. Bu baxımdan, Bakının prioritetinin aktuallığı daha da artır.
Paşinyanın Moskva səfərindən saatlar öncə - bu gün Rusiya müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Vaqraşak Arutyunyanla “Qarabağdakı vəziyyəti” müzakirə etməsi bu kontekstdə diqqət çəkir. Mümkündür ki, Şoyqu və Arutyunyan Putin-Paşinyan görüşündə müzakirə ediləcək erməni qoşunlarının çıxarılması məsələsinin detallarını razılaşdırıblar".