Nəcməddin Sadıqov belaruslu həmkarı ilə görüşüb
Bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarus müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, Azərbaycan təkbətək və geniş tərkibdə keçirilən görüşdə N.Sadıkov vurğulayıb ki, Azərbaycan Belarusla bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
"Əminəm ki, sizin səfəriniz ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcək. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək "АDEX-2016" sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaq" - deyə, N.Sadıkov əlavə edib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov bildirib: "Uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. İnanırıq ki, Belarus Respublikası bu münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək".
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər qeyd edilərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Sonda ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Hərbi Hava Qüvvələrinin aviasiya bazasının, Hərbi Dəniz Qüvvələrinin qərargahının, dəniz hazırlığı və dalğıc poliqonunun, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinin ziyarət olunması planlaşdırılır.
Mediainfo.az