Muradovlar, Kosobokovlar Rusiya Federasiyasının maraqlarını və tapşırıqlarını həyata keçirənlərdir

Muradovlar, Kosobokovlar Rusiya Federasiyasının maraqlarını və tapşırıqlarını həyata keçirənlərdir

10 Sentyabr 2021 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Başqa peşələrdən fərqli olaraq hərbçilərin və diplomatların hərəkətləri, söylədikləri fərdilikdən çox təmsil etdiyi dövlətin mövqeyi kimi qəbul edilir. 10 ay idi ki, Azərbaycanda Rüstəm Muradov adı siyasi leksikonumuza aktiv şəkildə daxil olmuşdu və 10 aydan sonra missiyasını Qarabağda başa vuran bu generalın, Rusiya Qəhrəmanının adı yəqin ki,tezliklə unudulası deyil. Rüstəm Muradov getdi və Rusiya mətbuatından ( News.ru) məlum oldu ki, dünən Mahaçkalada ilk müsahibəsini verib. Müsahibədəki fikirlərlə tanış olmazdan əvvəl qeyd edək ki, Rüstəm Muradov İrəvandan gəldiyi kimi, İrəvanla da xudahafizləşib getdi. Bu, Muradovun deyil, Rusiyanın münasibətinin göstəricisidir. Muradovun Araiklə qucaqlaşması da təsadüf deyildi, Rusiyanın separatçı rejimə isti münasibətindən qaynaqlanırdı. İlk gündən Rusiya tərəf kimi hərəkət etdiyini açıq göstərib və davam edir və bu tərəfkeşlik yeni komandan Mixail Kosobokovun simasında özünü çox tez büruzə verdi. Girişdə qeyd etdiyimiz kimi, burada fərdlərin, yəni Muradovun, ya Kosobokovun rolu subyektiv xarakter daşıyır, komandanlar Rusiya Federasiyasının maraqlarını və tapşırıqlarını həyata keçirənlərdir. Ona görə də Rüstəm Muradovun İrəvanla vidalaşması və ertəsi gün Mahaçkalada verdiyi müsahibədən bir daha məlum olur ki, Rusiyanın Qarabağda hədəfi nədir. Muradov deyir: “ RF sülhməramlıların fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Bizə qiyməti yerli əhali verir – bu gün Qarabağda həyat tam qaydası ilə gedir. Proses davam edir, insanlar geri qayıdır, başqa problemlər həll edilir”. Əlbəttə yerli əhali dediyi Qarabağ erməniləri Muradovdan, yəni Rusiyadan niyə razı olmasınlar? Onlar üçün nə qalmadı etmədikləri? Ev tikməkdən tutmuş, ginekoloqluq edib uşaq tutmağa qədər erməniləri əzizlədilər. Erməni silahlı birləşmələrinin çıxarılmasına, azərbaycanlıların da geri qayıtmasına göründüyü kimi münasibət bildirməyib, çünki bu onun ölkəsinin marağında deyil.

Muradov onu da xüsusi vurğulayıb ki, ilk beşillik müddət bitəndən sonra tərəflərin razılığı ilə daha beş il də sülhməramlılar qala bilər. Qarşıda hələ nə Muradovlar, Kosobokovlar bizi gözləyir.

Yeni təyin olunan komandan Mixail Kosobokov da tanışlığa İrəvanda Ermənistanın müdafiə naziri Arşak Karapetyan ilə görüşdən başlayıb. Rusiya rəhbərliyinin bu gedişləri bir daha təsdiq edir ki, Rusiya ədalətli hakim deyil, tərəf tutur. Bunlar vacib detallardır, münasibətin göstəricisidir. Azərbaycan ərazisində fəaliyyət göstərmiş və fəaliyyət göstərəcək sülhməramlı komandan Bakıdan vidalaşıb, Bakıdan Qarabağa yollansa kim etiraz edəsidir ki? Əksinə, bunun beynəlxalq hüquqa əsaslandığını açıq bəyan etmiş olur. Bütün Qarabağ beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi qəbul edilib, ona görə də tərəflər heç bir irad bildirəsi deyildi. Sabah Kosobokovun Azərbaycan Müdafiə naziri Zakir Həsənovla da görüşəcəyi bilinmir, olsa belə - “pozdno Rita”. Hər şey ortadadır.

Bu gün 10 sentyabrda müharibənin bitməsinin 10 ayı tamam oldu. Biz Xankəndinə Şuşadan baxırıq və açığı, şükürlər olsun deyirik. Keçən il bu vaxt heç başımızı qaldırıb kiminsə üzünə dik baxmaq əhvalında deyildik. Həqiqətən bu günlərə şükür. Amma, onu da etiraf edək ki, Qarabağın hələ də bir hissəsinin düşmən işğalında qalması və perspektivin bu gedişlə heç də aydın görünməməsi narahatçılıq yaratmaya bilməz.

Bir Rusiya komandanının gedişi və başqa birinin gəlişindəki detallar Rusiyanın münasibətinin incə tərəfləridir. Tanıdığımız Rusiyanın incəlikdən uzaq olduğunu, hər zaman kobud müdaxilələrini tarixən görmüşük. Məşhur misalda deyilən kimi ruslar və Rusiya dərkolunmazdır, sabah nə edəcəyi bəlli olmaz. Ona görə də, kobud müdaxilənin cavabı verilməlidirki, təkrar olunmasın. Onlardan fərqli olaraq daha incə, amma təsirli diplomatik gedişlərlə cavablarını verməliyik. 10 aylıq, lap bir illik səbrli davranışımızı sərt müstəviyə keçirib Qarabağ siyasətimizdə yeni dönüş mərhələsinə başlamalıyıq, çünki qarşımızda dayananların kimliyinə əsrlərdir ki, bələdik və xeyirsiz olduqlarını bilirik.

İlham İsmayıl