Paşinyan biclik edir:  "Sülh istəyirəm" deyə gorbagor olmuş "status"u xortlatmaq istəyir

Paşinyan biclik edir: "Sülh istəyirəm" deyə gorbagor olmuş "status"u xortlatmaq istəyir

26 Dekabr 2021 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi yerli media resurslarında Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı son mətbuat konfransında səsləndirdiyi fikirlərinin alayarımçıq təqdim olunmasının izahını tapa bilmirəm. Səbəb nədir?

Bəli, Paşinyanın deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Amma daha sonra dedikləri bunun əksini sübuta yetirir. Sitat: “Əlbətdə, biz bu mövzuda danışıqların başlamasına və sülh müqaviləsinin imzalanmasına hazırıq. Bir müddət öncə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etmdilər. Müddəalardan biri hərtərəfli sülh müqaviləsi məsələsi ilə bağlı idi. Bəli, biz bunda maraqlıyıq.

...Belə bir təsəvvür yaradılır ki, guya biz sülh müqaviləsinin və “Qarabağ münaqişəsi”nin hərtərəfli həllinin əleyhinəyik. Əlbətdə ki, bu belə deyil. Biz bunda maraqlıyıq”. Bu sözlərdən dərhal sonra Nikol ölkəsinin sərhədlərin delimitasiya və demarkasiyasında, həmçinin kommunikasiyaların açılmasında da maraqlı olduğunu iddia edir.

Göründüyü kimi, Paşinyan öz çıxışında sülh müqaviləsinin imzalanmasının mümkünsüz edən iki məqamı manipulyativ şəkildə, gəlişigözəl sözlərin içərisində “əritməklə” ictimai rəyə sırımağa cəhd göstərir. Bunlardan biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi gündəliklə, digəri isə, Azərbaycan Ordusunun qələbəsi ilə bütün gündəliklərdən silinmiş “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə bağlıdır. Paşinyan iddia edir ki, ATƏT-in Minsk qrupu danışıqların aparılması üçün gündəlik təqdim edib və bu gündəlikdəki müddəalardan biri sülh müqaviləsi ilə bağlıdır. O zaman tamamilə təbii bir sual çıxır ortalığa: Bəs gündəlikdəki digər müddəalar nə ilə bağlıdır? Və daha sonra Paşinyan “Ermənistanın sülh müqaviləsinin və “Qarabağ münaqişəsi”nin hərtərəfli həllinin əleyhinə olmadığını” vurğulamaqla, dolayısıyla gündəlikdə Ordumuzun “dəfn etdiyi ölünün” yenidən xortladılması ehtimalının olduğunu ictimai rəyə sırımağa çalışır.

Əvvəla, Nikol Paşinyanın ATƏT-in Minsk qrupunun “gündəliyində yer alan məsələlər”lə bağlı mülahizələrinin heç birinin – birbaşa və dolayısıyla təqdim olunan istiqamətlərinin - Azərbaycan tərəfindən qəbul edilmədiyi hər kəsə bəllidir.

Çünki Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi Minsk qrupu həmsədrlərinin fəaliyyətdə olduğu zaman kəsiyində də bu fərsiz təsisatın mandatına daxil olmayıb. Hazırda isə konkret delimitasiya və demarkasiya ilə bağlı məsələlərin yalnız iki dövlətin yaratdığı, Rusiya və Avropa İttifaqının məşvərətçi kimi iştirak etdiyi işçi qrupu çərçivəsində müzakirə ediləcəyi barədə yekun qərarın olduğu hər kəsə bəllidir. Yəni bu məsələdə “ATƏT-in Minsk qrupu” format olaraq heç “ehtiyat oyunçular” skamyasında da deyil. Kommunikasiyaların açılmasına gəldikdə isə, bu məsələnin də Minsk qrupu ilə yaxından uzağa heç bir əlaqəsi yoxdur. Bu məsələ 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il bəyanatlarının prinsplərinə uyğun bir şəkildə gerçəkləşdirilir.

“Dağlıq Qarabağ” və “münaqişə” ifadələrini isə cəhənnəmə göndərmişik və son olaraq, həm NATO-nun Şimali Atlantika Şurasının son toplantısının yekun sənədində, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanın dövlət başçısı ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda bu ifadələrin yer almaması, beynəlxalq birliyin rəsmi Bakının mövqeyini qəbul etdiyini göstərir. Belə olduğu təqdirdə, Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasına mane ola biləcək məsələləri yenidən gündəmə gətirməsi, rəsmi İrəvanın köhnə oyunlarından əl çəkmədiyini nümayiş etdirir. Bu baxımdan, “Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır” kimi təqdimatların verilməsi kökündən yanlışdır və bu qəbildən olan informasiyaların dövriyyəyə buraxılması yalnız rəsmi İrəvanın təbliğatına xidmət edir.

Elçin Mirzəbəyli, siyasi analitik