20 YANVAR  unudulmayacaq

20 YANVAR  unudulmayacaq

20 Yanvar 2022 12:13
Bəyəndim (25) Bəyənmədim (3)

Təqvimdə qara rəngdədir uşaqlığımın qan yaddaşı 20 yanvar. 1990-cı ildən bu günə qədər hər il bu qan yaddaşı təzələnməsi ilə birlikdə xalqımın düşmənlərinə qarşı qəlbimdə, ruhumda nifrətim də boy atır. Bu tarix öz azadlıqları üçün silahsız küçələrə axışıb imperiya ordusuna qarşı etiraz səslərini ucaldan mücahidləri əbədiləşdirən bir tarixdir. Bu tarix həmrəyliyin, mübarizliyin təzahürüdür. Bu tarix 8 əsr sevgi simvoluna çevrilən Leyli və Məcnun adını Fərizə və İlhamla əvəzləyən tarixdir. 20 yanvar Azərbaycan tarixində təkcə faciə, hüzn günü kimi deyil, böyüklərimin, müəllimlərimin anlatdığı Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günü kimi uşaqlıq yaddaşıma köçdü. Böyüklərimizin həmin vaxt matəm saxlaması, televiziyadan yollarda tanklarla əzilmiş maşınların görüntülərini izləyib ağlamaqları, insanların əllərində qərənfillər Şəhidlər xiyabanına axını heç yadımdan çıxmaz...

Hələ həyatı tam dərk etməyən 2-ci sinif şagirdini böyüklərin hadisə haqqında danışdıqları düşündürürdü. Eşitdiklərim bunlar idi: “20 yanvar günü Bakıda sovet ordusu dinc əhaliyə dəhşətli qırğın törətdi, amma Azərbaycan xalqının əzmini qıra bilmədilər. Candan keçərək Şəhidliyə ucalan Vətən oğulları fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə nurlu sətrlər yazdılar. Bu da Azərbaycanın müstəqilliyinə atdığı təməl, azadlıq yolunun isə salınmasıdır”.

İnsan insan olur, öz hünəriylə,

Millət millət olur, xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumu əkdi Şəhidlər.

Elə o zamandan anlamağa başladım ki, azadlıq eşqi, Vətənin müstəqilliyi uğrunda Şəhadət mərtəbəsinə ucalan qəhrəmanlara Şəhid deyirlər..

Hər il 20 yanvar şəhidlərini böyük ehtiramla yad etdikcə, canları bahasına əldə edilən müstəqilliyi qorumaq hissini daha dərindən dərk etdim və Vətən sevgisi də mənimlə birlikdə hər gün böyüdü. O qanlı gecənin açılan səhəri, işıqlı sabahı varmış. Candan keçərək, azadlıq toxumu əkən Vətən oğullarının yerinə, millətimizin vüqarını sınmağa, ümidini sönməyə qoymayan Vətən övladı doğuldu... 31 il sonra sizləri ziyarətə hörmətlə qalib xalq kimi gəldik, Şəhidlər!

Şəhid qanıyla müqəddəsləşən Vətən torpağına möhür kimi baş qoyub səcdə etməliyik.

20 yanvar faciəsindən sonra matəm simvolu olan qərənfil güllərinin kədərdən, qürur və qəhrəmanlıqdan mayalanmış göz yaşlarını 31 il sonra qələbə simvolu olan Xarı bülbül sildi. Vətənin müstəqilliyi uğrundan candan keçən hər bir Şəhidin ruhu qarşısında baş əyərək hörmətlə anırıq. Ruhunuz şad olsun, cənnət ətirli, Şəhidlər! Sizlər bir ömür dünyada yaşaya bilməsəniz də, bir dünya ömrü qəlblərdə yaşayacaqsınız...

Aynurə İnci