Ukrayna rus ordusunun əsas zərbə istiqamətində yüzlərlə YARS və zirehli texnikalar cəmləşdirib

Ukrayna rus ordusunun əsas zərbə istiqamətində yüzlərlə YARS və zirehli texnikalar cəmləşdirib

25 Yanvar 2022 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya-Belarus ittifaqı ABŞ, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, Polşa, İspaniya, Litva və Ukraynaya qarşı

ATƏT Azərbaycanda olduğu qədər Ukraynada da uğursuz oldu

Bu münaqişəni Qazaxstanda mülki nümayişçiləri cəzalandırmaq üçün keçirilən əməliyyatlar ilə müqayisə etmək doğru olmaz

Zelenski yaxşı bilir ki, “ən yaxşı müdafiə - hücumdur”

Kiçik bir “qığılcım” barıt çəllləyinin hər an partlamasına səbəb ola bilər

Artan məlum gərginlik fonunda Ukrayna prezidenti V.Zelenski Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları ilə görüşdə “ölkə artıq etibarlı müdafiə mexanizmlərini inkişaf etdirərək xarici təcavüzə effektiv müqavimət göstərməyi öyrənib. İndi hücuma keçməyin vaxtıdır. Bu milli maraqların müdafiəsi üçün lazımdır” bəyanatını səsləndirməklə ölkənin şərqində vəziyyətin nə qədər mürəkkəb olduğunu təsdiqləyib.

Göründüyü kimi Ukrayna Prezidenti ABŞ və Böyük Britaniya diplomatik nümayəndəliklərdə çalışan diplomatların ailə üzvlərinin Kiyevi tərk etməsi, Almaniyanın isə bu təxliyyəyə hazırlaşması fonunda müdafiədən deyil, hücumdan bəhs etməsi təsadüfi ola bilməz, çünki az əvvəl Türkiyə və Azərbaycan prezidentləri ilə görüşən V.Zelenski yaxşı bilir ki, “ən yaxşı müdafiə-hücumdur”.

Hazırda hər iki tərəf münaqişə alovlanmasının bir addımlığına qədər gəlib çatıb. Ümumilikdə 120 minə yaxın Ukrayna təhlükəsizlik qüvvələri işğal altında olan ərazilər və təmas xətti boyunca yerləşdirilib. Donbasda hər iki tərəfdən daha çox hərbi qüvvə cəmləşdirilib. Bunları peyk görüntüləri də təsdiqləyir.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın mümkün müdaxiləsinin qarşısını almaq və təkrar ərazi itkisinə məruz qalmamaq üçün təmas xəttinin yaxınlığına və rus ordusunun mümkün zərbə istiqamətində yüzlərlə hərbi texnika, o cümlədən YARS və zirehli texnikalar cəmləşdirib. YARS-lar arasında “Qrad” və “Uraqan” sistemləri çoxluq təşkil edir.

Ukrayna ilə sərhəddə təzyiqlərini artıran Rusiya “Müttəfiq Qətiyyəti-2022” hərbi təlimləri adı altında iki S-400 hava hücumundan müdafiə divizionu, “Pantsir-S” hava hücumundan müdafiə kompleksi və 12 ədəd “Su-35” döyüş təyyarəsini n Belarusda yerləşdirib. Rusiyanın şimal hissəsində yerləşən hərbi dairədən Ukrayna ətrafına texnika daşınması fevralın 10-na qədər davam edəcək.

Ümumilikdə isə vəziyyət hər keçən saat daha da gərginləşir. Müharibənin fevralın 20-dən sonra başlaya biləcəyi ehtimal olunsa da, “kiçik bir qığılcım barıt çəllləyinin istənilən an partlamasına” səbəb ola bilər.

NATO müttəfiqlərinə gəlincə isə, təşkilat hərbi qüvvələrini döyüşə hazır vəziyyətə gətirir. Hazırda Şimal Alyansı Şərqi Avropadakı dislokasiya məntəqələrinə əlavə piyada, dəniz və aviasiya vasitələri cəmləşdirir. NATO bu addımları ilə “Rusiyanı Ukrayna ətrafında hərbi mövcudluğunu artırmaqdan çəkindirmək və müttəfiqlərinin müdafiəsini gücləndirmək” məqsədilə atdığını bildirir.

Rusiya ilə Ukrayna arasında ərazisində atəşkəsə riayət olunmasına nəzarət edən ATƏT-ə gəldikdə isə, bu təşkilat Azərbaycanda olduğu qədər Ukraynada da uğursuz oldu. ATƏT tərəfindən artan gərginliyin azaldılmasından söhbət gedə bilməz, prosesin hansısa yolla silahsız tənzimlənməsinə də ümid azdır.

Son günlərdə ABŞ, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, İspaniya, Litva və s. kimi müttəfiqlər Ukrayna ilə bağlı Şərqi Avropada cari və ya gələcək qoşun yerləşdirməsi ilə bağlı açıqlamalar veriblər. Bu ölkələrin sayı hər gün artır. Danimarka Baltik dənizinə freqat göndərir və NATO-nun regionda uzun müddətdir davam edən hava polisi missiyasına dəstək vermək üçün Litvaya dörd F-16 qırıcısı göndərməyə hazrlaşır. İspaniya NATO donanmasına qoşulmaq üçün gəmilər göndərib və Bolqarıstana qırıcı təyyarələr də göndərməyi planlaşdırıb. Fransa Rumıniyaya NATO komandanlığı altında qoşun göndərməyə hazır olduğunu bildirib. Hollandiya NATO-nun bölgədəki hava polisi fəaliyyətlərini dəstəkləmək üçün aprel ayından etibarən Bolqarıstana iki F-35 döyüş təyyarəsi göndərəcək və NATO Çevik Qüvvələri üçün bir gəmi və bir piyada bölməsini ehtiyata çıxaracaq. Birləşmiş Ştatlar Alyansın şərq hissəsində hərbi mövcudluğunu artırmaq barədə düşündüyünü də açıq şəkildə nümayiş etdirir. NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya əlavə qüvvələr verən müttəfiqləri alqışlayaraq, bütün Müttəfiqləri qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəklərini, o cümlədən Alyansın şərq qanadını gücləndirəcəyini bildirib.

Bəyanatlardan və real fəaliyyətlərdən belə görünür ki, müharibə artıq qaçılmazdır. Rusiya-Belarus ittifaqının getdikcə genişlənən ABŞ, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, İspaniya, Litva və Ukrayna birliyinə qarşı uzun müddət döyüş əməliyyatları apara biləcəyi real görünmür. Bu münaqişəni Qazaxstanda mülki nümayişçiləri cəzalandırmaq üçün keçirilən əməliyyatlar ilə müqayisə etmək doğru olmaz. Odur ki, Rusiyanın regional güc balansını dərindən analiz edib, ən son anda geri addım atacağı da istisna edilməməlidir, çünki bu müharibədə Rusiyanın məğlub olması, Kremlə çox baha başa gələ bilər. Rusiya ətrafında yerləşən ölkələrin əksəriyyəti, Kremlin fitnə-fəsadlarından artıq cana doyub. Hara rus əsgərinin ayağı dəyirsə, orda ədalətsizlik meydana gəlir, orda münaqişə görünür, orda qan görürük. Ümid edirik ki, dostumuz Ukrayna xalqı da bu çətin imtahandan üzüağ, alnı açıq çıxacaq.

Ədalət verdiyev, hərbi ekspert