Dünyanın ən böyük təyyarədaşıyan gəmisi

Dünyanın ən böyük təyyarədaşıyan gəmisi

6 İyun 2023 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən böyük təyyarədaşıyan gəmisi NATO komandanlığına verildi. ABŞ-ın “USS Gerald R.Ford” təyyarədaşıyan gəmisi Norveç dənizində planlaşdırılan əməliyyatlar çərçivəsində müvəqqəti olaraq NATO-nun komandanlığına keçib. NATO-dan verilən açıqlamaya görə, dünyanın ən böyük təyyarə gəmisi kimi tanınan “USS Gerald R.Ford”, iyunun 2-dən etibarən NATO-nun komandanlığı altında onu müşayiət edən gəmilərlə birlikdə dəniz təhlükəsizliyi fəaliyyətləri və təlimləri həyata keçirir.

Planlaşdırılan fəaliyyətlər çərçivəsində Amerika tapşırıq qrupunun tərkibindəki esmines və kreyserlər ABŞ təyyarədaşıyan gəmisini Avropada müşayiət edir. Bundan əlavə, bəzi NATO ölkələrinin hərbi dəniz qüvvələrinin NATO komandanlığı altında təyyarədaşıyan gəmi ilə birgə hərəkət etdiyi bildirilib.

F-18 döyüş təyyarələri, erkən xəbərdarlıq təyyarələri, nəqliyyat təyyarələri və helikopterləri daşıyan Amerika təyyarədaşıyan gəmisinin transatlantik birliyin davam etdirilməsinin mühüm əlaməti olaraq NATO-nun komandanlığına keçdiyi bildirilib. Həmçinin qeyd olunub ki, bu, NATO müttəfiqləri arasında komanda və idarəetmə strukturlarının bir-birini əvəz edə bilməsinin və çevikliyinin möhkəmliyini nümayiş etdirir. Təyyarədaşıyan gəminin bu həftə ərzində NATO komandanlığı altında vəzifələrini yerinə yetirəcəyi bildirilib.

Murad Şahməmmədov