
Türkiyə bütün ərazisində antiterror əməliyyatı aparır
Türkiyə təhlükəsizlik qüvvələri respublikanın hər yerində “Qəhrəmanlar” kod adlı genişmiqyaslı antiterror əməliyyatı keçirir. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Səhər Türkiyə ərazisində 13 440 təhlükəsizlik əməkdaşının iştirak etdiyi 466 terrorla mübarizə əməliyyatı keçirilib. Qəhrəmanlar əməliyyatı çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında terror təşkilatının 12 üzvü saxlanılıb. “Diyarbəkir, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə keçirilən əməliyyatlar zamanı azı 55 terrorçu saxlanılıb”, - deyə Türkiyənin daxili işlər naziri yazıb.
Bu arada, yerli KİV-in məlumatına görə, son 24 saat ərzində respublikada qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə olmaqda şübhəli bilinən 110-dan çox şəxs artıq saxlanılıb.
Əməliyyatlar PKK-nın məsuliyyəti üzərinə götürdüyü Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktından sonra həyata keçirilir. Oktyabrın 1-də iki terrorçu binanın darvazalarına yaxınlaşıb, onlardan biri təhlükəsizlik məntəqəsində partlayıcını işə salıb. Atışma baş verib, nəticədə ikinci terrorçu zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül xəsarət alıb. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən edib.
Əziz Mustafa