
Misir prezidenti 2030-cu ilə qədər vəzifəsində qalmaq üçün yenidən namizədliyini irəli sürüb
İnsan haqları təşkilatları və Qərb hökumətləri tərəfindən tez-tez tənqid edilən Sisinin hakimiyyəti dövründə minlərlə müxalif ya susduruldu, ya da həbs edildi. Misir prezidenti Əbdülfəttah əs-Sisi dekabrda keçiriləcək prezident seçkilərində üçüncü müddətə yenidən namizəd olacağını açıqlayıb. Çevrilişdən sonra 2014-cü ildən prezident olan Sisinin dörd il əvvəl 2030-cu ilə qədər vəzifədə qalmasına imkan verən konstitusiya dəyişikliyindən sonra yenidən namizəd olacağı və üçüncü müddətə seçiləcəyi gözlənilirdi.
Xatırladaq ki, bu il dekabrın 10-12-də Misirdə üç günlük prezident seçkiləri keçiriləcək. Namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamasa, yanvarın 8-10-da ikinci tur keçiriləcək.
Sisi 2013-cü ildə “Müsəlman Qardaşlar” təşkilatının demokratik yolla seçilmiş lideri Məhəmməd Mursinin devrilməsinə rəhbərlik etdikdən sonra hakimiyyətə gəlib.
Murad Şahməmməd