
Pentaqonun Ukrayna üçün cəmi 5 milyard dolları qalıb
“The Wall Street Journal” hərbi departamentin nümayəndələrinə istinadən yazır ki, Pentaqonun hesablarında Ukraynaya hərbi və digər yardımlar göstərmək üçün 5 milyard dollardan bir qədər çox vəsait qalıb.
Əgər ABŞ ötən altı ayda olduğu kimi eyni sürətlə hərbi sursat tədarük etməyə davam edərsə, bu, təxminən altı aylıq silah tədarükü deməkdir. Bu, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ-ın təhlükəsizlik yardımı üçün göndərdiyi 43,9 milyard dolların təxminən 11 faizidir.
ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi üzrə uzunmüddətli proqramı həyata keçirmək üçün istifadə etdiyi digər maliyyə mənbəyinin - Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünün büdcəsi boşdur.
Bayden administrasiyasının rəsmiləri və senatorlar həftə sonu Amerika dəstəyinin dayandırılmasının Kiyev üçün fəlakətli ola biləcəyini vurğuladılar və Konqresi əlavə maliyyə üçün qanun layihəsini tez bir zamanda qəbul etməyə çağırdılar.
ABŞ prezidenti Co Bayden dünən deyib: “Biz heç bir halda Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə icazə verə bilmərik. Mən müttəfiqlərimizi, Amerika xalqını və Ukrayna xalqını əmin etmək istəyirəm ki, bizim dəstəyimizə arxalana bilərlər”.
Əziz Mustafa